Sərxoş sürücü qəza törətdi, nəticədə isə...- TƏFƏRRÜATLAR
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
Lənkəran rayon sakini Yalçın Həsənov idarə etdiyi “VAZ 2121” markalı avtomobillə axşam saatlarında rayonun Sütəmurdov kəndi ərazisində idarəetməni itirərək yoldan çıxıb və kənardan keçən qaz xətini qırıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA TV-yə verilən məlumata görə, nəticədə təxminən 80 yaşayış evinə təbii qazın verilməsində bir neçə saatlıq fasilə yaranıb.
Zərərçəkən Kəramət Məmmədov deyir ki, axşam haradasa 20:30 olardı, səsə çıxdıq evdən: “Gəldim gördüm qaz sayğacı xətdən ayrılıb. Sonradan qaz idarəsindən də nümayəndələr gəldi. Dedilər ki, axşamdır biz heç nə edə bilmərik, xətti bağladılar. Harada 70-80 sakin axşam qazsız qalıb. Mənə məxsus olan şam ağacı da gördüyünüz kimi yerdədir.”
Qəzadan sonra hadisə yerindən yayınan sürücü qısa zaman ərzində Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib və idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirilib.
Lənkəran ŞRPŞ-nin DYPB-nin rəisi Sübhan İsgəndərov qəza haqqında məlumat verib: “Qəzadan sonra hadisə yerindən yayınan həmin sürücü qısa zaman ərzində Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib və idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirilib. Müvafiq tibbi müayinədən keçdikdən sonra Yalçın Həsənovun sərxoş olduğu və nəqliyyat vasitəsini spirtli içki qəbul etdikdən sonra idarə etdiyi müəyyən edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.”
Qeyd edək ki, Yalçın Həsənovun bir neçə ay əvvəl də sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi dövlət yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və həmin vaxt onun barəsində qanunamüvafiq tədbirlər görülüb.