Səudiyyə şahzadəsinə daha bir ittiham: “Amazon”un sahibinin telefonunu sındırıb
Səudiyyə Ərəbistanı “Amazon” şirkətinin qurucusu Ceff Bezosun telefonunun sındırılması ilə bağlı iddiaları rədd edib.
APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, krallığın Böyük Britaniyadakı səfirliyi “The Guardin” qəzetinin bu barədə yazdığı məlumatı "cəfəngiyyat" adlandırıb.
Lakin BMT ekspertləri Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın 2018-ci ildə iddia edilən kiberhücumda ehtimal olunan iştirakına dair dəlillərə sahib olduqlarına əmindirlər. Bezos tərəfindən tutulan mütəxəssislər bildiriblər ki, telefonun sındırılmasına səbəb şahzadəyə məxsus "WhatsApp" hesabından göndərilən videofayl olub. Məhz bu videodan sonra telefonun yaddaşından çoxlu məlumatlar oğurlanıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan əl-Səud da səfirliyin bəyanatını təkrarlayıb: "Düşünürəm ki, “absurd” çox doğru bir sözdür. Vəliəhd şahzadənin Ceff Bezosun telefonuna müdaxilə edə biləcəyi fikri tamamilə axmaqlıqdır. BMT-nin hesabatı əslində özəl bir şirkətin hesabatına əsaslanan bəyanatdır. Digər qurumlar tərəfindən təsdiqlənmiş və öz etirafları ilə bu iddiaları dəstəkləyəcək heç bir birbaşa dəlil yoxdur.
Bu hadisədən öncə Bezos və Bin Salman messencerdə mehribanlıqla yazışıblar. Bəzi ekspertlər bu kiberhücumu “The Washington Post” qəzetinin jurnalisti Camal Qaşıqçıya qarşı sui-qəsdlə əlaqələndirirlər. İddia edilir ki, nəşrin sahibi olan Bezos sui-qəsdin Səudiyyə Ərəbistanında araşdırılmasından narazılığını ifadə edib.
Türkiyə hökuməti, ABŞ Senatı və Mərkəzi Kəşfiyyat İdarəsi Qaşıqçının aradan götürülməsi haqqında əmrin məhz Məhəmməd bin Salman tərəfindən verildiyini bildiriblər. Ər-Riyad isə bu ittihamı rədd edərək, cinayəti ayrı-ayrı güc strukturları əməkdaşlarının şəxsi təşəbbüsü adlandırıb.