Şəxsi gigiyena vasitəsi, yoxsa ölüm məhlulu... – TİBBİ SPİRT NECƏ ÖLDÜRÜR?
Koronovirusun yayılması ilə yanaşı olaraq spirtə olan ehtiyacımız, tələbatımız da artdı. Demək olar ki, hər birimiz spirtdən dezinfeksiyaedici vasitə kimi mütəmadi olaraq istifadə edirik. Lakin son zamanlar spirtdən, xüsusilə də metil spirtindən zəhərlənmə halları baş verir. İnsanların kortəbii şəkildə spirtdən istifadə etməsi ölümlə nəticələnir.
Maraqlıdır, görəsən, vətəndaşlar spirtdən necə istifadə edir ki, sonda ölümə aparır?
- Mən dezinfeksiya üçün spirtdən istifadə edirəm, mütəmadi olaraq əllərimi, burnumu, ağzımı, mütəmadi istifadə edirəm. Sadəcə olaraq axır vaxtlar eşidirəm ki, bunları daxilə qəbul edirlər.
- Spirtdən istifadə edirik, dezinfeksiya üçün istifadə edirik. Əllərimi, üzümüzü, belə də dezinfeksiya üçün. Metil spirtini necə qəbul edirlər ki? Yəqin daxilə qəbul edirlər, o da yandırır, mədədə deşilmə əmələ gətirir, qanaxma verir, o da nəinki zəhərlənmə, ölümə də səbəb ola bilər.
- Spirti mən hər gün cibimdə gəzdirirəm. Yəni bunu daxilə qəbul etmək olmaz. Bununla yalnız əlləri dezinfeksiya etmək lazımdır. Paltarların üzərini, hara ki, oturduğum yerləri, oturmamışdan əvvəl mən oranı dezinfeksiya edirəm.
Baş toksikoloq Azər Maqsudov APA TV-yə bildirib ki, təkcə mart ayından bu günə qədər 27 nəfər metil spirtindən zəhərlənib, onlardan 16-sı vəfat edib. Onun sözlərinə görə, bəzi vətəndaşlar tibbi spirti şəxsi gigiyena üçün istifadə etmirlər, tibbi spirti alaraq evdə onun tərkibinə su qatır və içirlər ki, bu da zəhərlənməyə səbəb olur: “Onların verdiyi məlumata görə, onlar tibbi spirt adı ilə şəxsi gigiyena üçün apteklərdən alırdılar, ancaq evdə su ilə qarışdırıb daxilə qəbul etdikdən sonra onların vəziyyəti kəskin pisləşirdi. Bir neçə saatdan sonra şikayətləri artaraq baş ağrı, baş gicəllənmə, boğulma, qusma, qarın nahiyəsində ağrılarla təcili yardıma çağırış verirdilər. Bizim toksikoloji mərkəzə gətirəndə vəziyyətləri ağır, orta-ağır kimi qiymətləndirilirdi. Biz onların hamısından analiz nümunələri götürmüşdük. Analizdə metil spirti aşkar olunmuşdu”.
Baş toksikoloq tövsiyə edir ki, tibbi spirtdən sadəcə şəxsi gigiyena üçün istifadə edilsin. O, həmçinin spirt içən şəxslərdə həm ağciyər, həm ürək-damar sisteminin pozulduğunu, bədənin müqavimətinin isə zəiflədiyini bildirir.
Fatma Zahidqızı
Faiq Həsənov
APA TV