Şəxsiyyət vəsiqənizdəki bu məlumata qətiyyən inanmayın - Sizi öldürə bilər

Şəxsiyyət vəsiqəsindəki qan qrupu ilə həqiqi qan qrupunuz fərqli ola bilər. Təsəvvür edin ki, vəsiqənizin üstünə I+ və ya III+ qan qrupundan olduğunuz yazılıb. Uzun illər siz də buna əsaslanmısınız. Amma bir gün nə iləsə bağlı analiz verəndə məlum olur ki, əslində qan qrupunuz -IV-dür. Demək ki, ağır qəzaya düşsəydiniz və ya təcili əməliyyat olunsaydınız, vəsiqənizə baxanlar sizə başqa qrupa aid qan köçürəcəkdilər.

Hematoloq Şəhla Şabanova bildirir ki, insana yanlış qrupa aid qan köçürülməsi təngnəfəslik, arterial təzyiqin düşməsi, şok halları yaradar, hətta xəstənin itirilməsinə gətirib çıxarda bilər.

Şəxsiyyət vəsiqələrini Asan Xidmət verdiyindən, ora üz tutduq. Bildirdilər ki, onlar qan qrupu ilə bağlı məlumatı Respublika Diaqnostika Mərkəzindən alırlar. Respublika Diaqnostika Mərkəzinə də üz tutduq. Ancaq nə az, nə çox düz bir həftə israrlı zənglərimizə, yolladığımız sorğulara baxmayaraq insanların taleyi ilə oynayan bu qurumdan bir kəlmə belə açıqlama ala bilmədik. Sonda isə bizə bildirdilər ki, qurumda mövzumuzla bağlı açıqlama verə biləcək kimsə yoxdur. Yəni açıqlama verməməklə məsuliyyəti üzərlərindən atacaqlarını, problemin diqqət çəkməyəcəyini, vətəndaşların şəxsiyyət vəsiqələrini öz bildikləri formada yalan-yanlış məlumatlarla doldurmağa davam edəcəklərini düşündülər.

Mütəxəssislər isə tövsiyə edirlər ki, problem birdəfəlik aradan qalxana qədər qan köçürülməsi prosesində, təkcə şəxsiyyət vəsiqəsinə arxayın olmaq olmaz. Bu proses qan qrupu tam dəqiqləşdirildikdən sonra həyata keçirilməlidir.

Müəllif | Apa.Tv
Apa.tv