Şeyx: Fransa Avropada islamofobiya və türkofobiyanın mərkəzi kimi davranır
İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması" mövzusunda plenar iclas keçirilib. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə keçirilən iclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “İslamofobiya müasir dünyada təhlükəsizlik və sabitliyə təhdid kimi” mövzusu ilə çıxış edib.
O bildirib ki, İsveç və Niderlandda Quranın yandırılması kimi neqativ faktlar dünya birliyi tərəfindən birmənalı olaraq qınanmalıdır.
Fransanın Avropada islamofobiya və türkofobiyanın mərkəzi kimi davrandığını deyən Şeyx əlavə edib ki, erməni terror şəbəkəsinin təməli məhz Fransada qoyulub. İndi isə Nikol Paşinyan Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində dini məkanları dağıtmasını Sovetin ayağına yazmaq istəyir.
“İslamofobiya ilə mübarizədə və harmonik cəmiyyətlərin yaradılmasında Ümumdünya Fətva Orqanları Baş Katibliyinin rolu” mövzusunda çıxış edən Misir Baş Müftisinin baş müşaviri, Ümumdünya Fətva Orqanlarının baş katibi İbrahim Nəgim isə qeyd edib ki, konfransda sırf islamofoboya ilə mübarizə üçün bütün parametrlərdə təhlil və müzakirələr aparılır.
Daha sonra Avropa Müsəlman Liderləri Şurasının sədri, İtaliyanın COREIS Dini İcmasının vitse-prezidenti, İSESKO-nun Dialoq üzrə səfiri Yahya Pallaviçini Avropada müsəlmanlara qarşı nifrətin qarşısının alınmasında Bakının rolundan danışdı.
Qeyd edək ki, Bakıda keçirilən İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda iki günlük beynəlxalq konfrans bununla da başa çatdı.