Silah və narkotiklə yaxalandı, digər cinayətlərinin də üstü açıldı

Xızıda narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Şorabad qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sərxan Mirzəyev qəsəbə ərazisində saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq narkotik maddə olan heroin, yaşadığı evin həyətyanı sahəsindən isə bir ədəd müvafiq sənədləri olmayan lüləsi kəsilmiş “İj” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Sərxan Mirzəyevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, S.Mirzəyevin cari ilin fevral ayında yaşadığı qəsəbə ərazisində iki fərdi yaşayış evindən məişət əşyaları və avadanlıqları oğurlayaraq dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib. Oğurluq yolu ilə əldə edilmiş bir ədəd televizor isə onun yaşadığı evdən maddi sübut kimi götürülüb.

Qeyd olunan faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv