Silahlı şəxslərə qarşı əməliyyat keçirildi

Evində qanunsuz silah-sursat gizlədən və üzərində tapança gəzdirən şəxs tutulub.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

Belə ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb.

 

Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün  Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv