Şimal bölgəsində 5583 müşahidəçi səsvermə prosesini izləyir
Şimal bölgəsində 6 Dairə Seçki Komissiyasının 367 seçki məntəqəsində keçirilən səsverməni izləmək üçün 5583 yerli və xarici müşahidəçi qeydiyyatdan keçib.
APA TV-nin şimal bürosunun məlumatına görə, 51 saylı Qusar seçki dairəsinin 63 məntəqəsinin 10-da veb-kamera quraşdırılıb. Bu dairə üzrə qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 979-dur.
52 saylı Quba seçki dairəsində mövcud 72 məntəqədə keçirilən seçkiləri izləmək üçün 1400 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. Bu dairə üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb.
53 saylı Quba-Qusar seçki dairəsində isə 950 nəfər müşahidəçi 76 məntəqədə seçki prosesini izləyəcək. Dairə üzrə quraşdırılan 10 veb-kameralar vasitəsilə istənilən yerdən prosesi izləmək mümkündür.
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 10-da veb-kameralar quraşdırılıb və 950 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.
55 saylı Xaçmaz şəhər dairə seçki komissiyası ərazisində isə qeydiyyatdan keçən müşahidəçilərin sayı 584 nəfərdir. Bu dairə ərazisində 12 məntəqədə veb-kamera var.
56 saylı Xaçmaz kənd seçki dairəsində 44 məntəqə üzrə 720 müşahidəçi seçki prosesini izləyəcək. 10 məntəqədə isə veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, bölgə üzrə 6 millət vəkili yeri uğrunda 76 namizəd mübarizə aparır.