Şimal bölgəsində temperatur mənfi 8.5 dərəcəyə qədər düşdü
Şimal bölgəsində temperatur mənfi 8.5 dərəcəyə qədər düşdü - APA TV Ötən gecə ən çox yağıntı Quba rayonunun Bostankeş kəndində düşüb, bura 13 sm qalınlığında qar yağıb. Ən aşağı temperatur isə, Xınalıq kəndində mənfi 8.5 dərəcə qeydə alınıb. Hazırda da Quba və Qusar rayonlarında şaxtalı hava hökm sürür. Qubanın Xınalıq kəndinə 9, Qusarın Laza yaşayış məntəqəsinə isə, 4 sm qar qeydə alınıb. Bölgədə ən təhlükəli vəziyyət Quba-Xınalıq yolunda yaşanır. Gecə saatlarında buz bağlayan yol qardan təmizlənib, qum-duz qarışığı səpilsə də, məcbur qalmadıqca bu yoldan istifadə etmək tövsiyə edilmir. 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, axşama doğru yol yenidən buz bağlayacaq, gecə saatlarında nəqliyyat vasitələrinin hərəkəti təhlükəlidir. Xaçmaz, Şabran və Siyəzən rayonlarında gecə saatlarında sulu qar yağması müşahidə edilsə də, hazırda yağıntı yoxdur, hava nisbətən mülayimləşib.