Şirkət maşını ilə toqquşub içindən 20 min manat oğurlayanlar – ŞƏKİDƏ FİLM KİMİ OLAY
Şəkidə şirkət maşınının sürücüsünə xəsarət yetirərək avtomobildən 20 min manat oğurlayan şəxslər saxlanılıb.
APA TV-nin məlumatına görə, fevralın 3-də saat 22 radələrində Şəkinin Cəfərabad kəndi ərazisində şirkətlərdən birinə məxsus “Ford” markalı avtomobillə “VAZ-2106” markalı maşın toqquşub. Bu zaman minik maşınından düşən 3 nəfər şirkətin əməkdaşına küt alətlə xəsarət yetirərək, içərisində 15-20 min manat pul olan çantanı aparıb.
Bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat daxil olan kimi hüquq-mühafizə və “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları birgə əməliyyat keçirib. Nəticədə quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslərdən Göyçay rayon sakinləri - əvvəllər məhkum olunmuş 32 yaşlı Xəyal Ömərov və 37 yaşlı İlyas Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Əldə olunan pulun bir qismi isə maddi sübut kimi götürülüb.
Baş verən cinayət hadisəsindən xəbərdar olmasına baxmayaraq, polisə məlumat vermədiyinə və cinayət yolu ilə əldə olunan pulun bir hissəsini aldığına görə Göyçay rayonunun Qarabaqqal kənd sakini Nicat Bəşirov da şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, digər şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir