Şirkətin ümumi portfel həcmi 167% artıb 70 milyon AZN oldu

“PAŞA Kapital” ötən ilin nəticələri və 2023-2025-ci illərin strateji inkişaf planına dair mətbuat konfransı keçirib. Kapital bazarlarının cari vəziyyəti, gələcək perspektivləri, hüquqi və fiziki şəxslər üçün bu gün böyüməkdə olan bazarın imkanlarının da ətraflı müzakirə olunduğu konfransda PAŞA Kapitalın yerli və beynəlxalq bazardakı fəaliyyəti, əldə etdiyi maliyyə uğurları və gələcək hədəfləri ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilib. Bildirilib ki, “PAŞA Kapital”ın ümumi portfel həcminin 2023-cü ilə nisbətən 167% artaraq 70 milyon AZN təşkil etməsi oldu. Bununla yanaşı, şirkətin 2021-ci ildən etibarən kapitalının artım dinamikasında 70%-dən çox, xalis gəlirin artım dinamikasında isə 40%-dən çox artım müşahidə olunur. "PAŞA Kapital İnvestisiya Şirkəti"nin İdarə heyətinin sədrinin müavini Rauf Qurbanov isə vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı İnvestorların sığortalanması istiqamətində iş aparır. “Mərkəzi Bank investorların investisiyalarının sığortalanması ilə bağlı sənədin üzərində işləyir. Bu sənədin əsas məqsədi investorların təhlükəsizliyini, maliyyə resurslarının etibarlı yerlərdə saxlanılması, hər hansı defold halında dayanıqlılığın təmin edilməsi ilə bağlı mexanizmlə bağlıdır”, deyə sədr müavini əlavə edib. Qeyd edək ki, ölkənin lider investisiya şirkəti fəaliyyəti ərzində müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Belə ki, “PAŞA Kapital” “Cbonds Awards CIS 2019” tərəfindən “Ölkənin Ən Yaxşı İnvestisiya Şirkəti”, 2021-ci ildə “International Finance” dərgisi tərəfindən “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti”, 2023-cü ildə “İlin Ən Yaxşı Sabit Gəlirli İstiqrazları” kimi nüfuzlu mükafatlarla təltif olunub. Aygün Carçıyeva, Ramiq Abbasov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv