Şirvan polisi evdə müalicə alan koronavirus xəstələri ilə bağlı reyd keçirib

COVID-19 virusuna yoluxma riski daha çox olan bölgələrdən birində, Şirvanda polis reyd keçirib.

APA TV-nn Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları xüsusi geyimdə, aktiv xəstə olan 28 nəfərin yaşayış yerinə gedərək reydlər keçirib. Əsas məqsəd aktiv xəstələrin yaşadıqları ünvanları tərk etməmələrini yoxlamaq, virusa yoluxan və ev şəraitində müalicə alan xəstələrlə profilaktik söhbətlər aparmaq olub. Onlara evlərini özbaşına tərk etmələrinin məsuliyyəti izah olunub.

Bildirilib ki, COVID-19 virusuna yoluxan şəxsin yaşayış yerini tərk edərək insanlarla ünsiyyətdə olması yoluxma riskini artırır və bu da pandemiya zamanı qəsdən virusun yayılması kimi tövsif edilməklə Cinayət məsuliyyətinə cəlb olunmaya əsas verir.

Eyni zamanda qeyd edilib ki, Şirvan Polis Şöbəsi tərəfindən bir müddət əvvəl virusa yoluxan və evdə müalicə alan 2 nəfər şəxs barəsində araşdırma aparılır.

Reydlərin keçirilməsi bundan sonra da davam etdiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv