13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Şirvanda 2008 - ci ildə tikintisi dayandırılan idman kompleksinin inşası 13 ildir ki, yarımçıq qalıb

Əvvəllər Şirvan şəhərinin yaşıl örtüklü stadionu və yüksək liqada çalışan futbol komandası var idi. Həmin stadion sökülərək yeni stadionun tikintisinə start verilmişdir. Təəssüf ki, bu günə kimi gördüyünüz bu stadionun tikintisi başa çatdırılmamışdır.

 

Şəhərin 3 min tamaşaçı tutumu olan keçmiş stadionu 2004-cü ildə sökülüb və böyük idman kompleksinin tikintisinə start verilib.

 

Kompleksin tərkibinə 7200 tamaşaçı tutumu olan yaşıl örtüklü futbol stadionu, əl oyunları üçün nəzərdə tutulan üstü örtülü meydança, təlim-məşq üçün daha bir stadion və müxtəlif oyunların keçirilməsi üçün mini meydança, 2 mərtəbəli otel və köməkçi tikililər daxil edilib. Tikinti işlərinin davam etdiyi 4 il ərzində smeta dəyəri 18 milyon manat olan kompleksin tikintisinə 10 milyon manat vəsait xərclənib. 2008 – ci ildə tikintisi dayandırılan yeni idman kompleksinin inşasında yaranan fasilə 13 ildir ki, davam edir. Səbəbini isə nə bilən var, nə deyən!  

 

Əməkdar məşqçi Ramiz Hacıyev bildirir ki, köhnə stadionun sökülməsindən 16 il keçib, ama dəyişən heç nə yoxdur: “Gül kimi stadionu söküb dağıtdılar ki, yeni stadion tikiləcək. Üstündən 16 il keçib hələ ki, gördüyünüz kimi stadion bu vəziyyətdədir. Stadion o dağılan bu dağılan. Hal-hazırda meydançamız yoxdur. Şəhər də böyük şəhərdir. Stadionu olmayan şəhər, şəhər deyil. Çünki gənclərin asudə vaxtın keçirmək üçün stadion ən böyük şərtlərdən biridir.”

 

Əməkdar məşqçi Tahir Əliyev isə deyir ki, tikilməkdə olan stadion baxımsızlıqdan sökülüb dağılıb: “Yeni stadionun tikilməsi məcburidir. Stadion olanda gənclərin asudə vaxtı yaxşı keçir, məşqlər edirlər. Yaşlılar gəlib qaçırdı.”

 

Tikintisi dayandırılan yeni idman kompleksi böyük bir idman infrastrukturuna malikdir. Əgər layihə üzrə tikinti başa çatdırılarsa burada regional tədbirlərin keçirilməsi mümkün olacaq. Şirvan şəhəri əsl idman şəhərinə çevriləcək.

 

Mövcud vəziyyət Şirvan sakinlərini narahat edir:

 

-Gözəl bir 50 nəfərlik otel hazır olmaq üzrə yarımçıq qaldı üstüörtülü zal yarımçıq qaldı. Stadion sona yaxın yarımçıq qaldı. İndi hamısı yiyəsizlikdən sökülüb dağılıb gedir.

 

Futbol ənənəsi olan şəhər yetirmələri 1978 və 1985-ci illərdə SSRİ çempionu adını, o cümlədən “Dəri top” kubokunu qazanıb. Amma bu gün Şirvanın futbol komandası yoxdur:

 

-Stadionumuz var idi, yaxşı idi. Pis deyildi, oynayırdıq. Ondan sonra mən veteran kimi baxıram stadion yaman gündədir. Hər yeri zəbt ediblər bilmirsən stadiona haradan girəsən. Deyilər ki, tikiləcək amma tikmədilər. Adamın ürəyi ağrıyır.

 

Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən tikintisinə başlanılan Şirvan şəhər stadionun taleyi ilə bağlı SOCAR - ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovla əlaqə saxladıq. O isə bildirdi ki, Şirvanda tikilən idman kompleksi SOCAR-ın həyata keçirdiyi sosial layihələrdən biridir:“Maliyyələşməsi ilə bağlı qeyri-müəyyənlik yarandığına görə müvəqqəti dayandırılmışdır. Gələcəkdə layihənin davam etdirilməsi məsələsinə baxıla bilər.”

 

Azərbaycan atalar sözü olan “Ziyanın yarısından qayıtmaq da xeyirdir” deyimi burda öz aktuallığın itirir.

 

Əlibəy Zeynallı

Elçin Həsənov

 

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın