Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb
Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 2023-cü il təvəllüdlü (25.06.2023) Rzayeva Səma Hacıbala qızı nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi qeyd edilir. Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cismin düşdüyü və ya pnevmaniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur. Uşağın meyiti hazırda müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. “Xəstə idi. Dünən acil şöbəsinə gətirmişdik. Bəlğəmi var idi ona görə. Həkim dedi ki, aparın 3 gündən sonra gətirərsiniz. Resept yazacam, iynə-dərman. Müalicə etdirəsiniz. Səhər də təcili yardım çağırdım. Təcili yardım qapıya çatan kimi uşaq keçindi. Axşam saat 6 radələrində uşağa yemək vermişik. Acil şöbəsində yeməkdən boğulduğunu bildirdilər. Həkim deməli idi ki, bu uşaq ev şəraitində qalmalı deyil”. Şirvan Şəhər Mərkəzi Xəstəxanasından 2023-cü il təvəllüdlü uşağın (cinsi qadın) 30 mart saat 07:30 radələrində Xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə ölü vəziyyətdə daxil olduğu bildirilib. Faktla bağlı Şirvan prokuroluğunda araşdırma aparılır. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV