Şirvanda küçə və parklarda dezinfeksiya işləri davam etdirilir
Yeni növ koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şirvanda dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər davam etdirilir.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq məqsədilə Səhiyyə Nazirliyinin Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) əməkdaşları tərəfindən şəhərin iri küçə və prospektləri dezinfeksiyaedici maddələrlə yuyulub.
Eyni zamanda Heydər Əliyev, Nəriman Nərimanov və Səməd Vurğun adına parklarda, İstiqlaliyyət və Məhəmməd Əmin Rəsulzadə prospektləri boyunca yerləşən park və xiyabanlarda dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, koronavirus əleyhinə profilaktiki tədbirlər çərçivəsində dezinfeksiya işləri həftədə 2 dəfə həyata keçirilir.