Şirvanda polis əməkdaşı qəza törətdi – BİR NƏFƏR ÖLDÜ
Şirvanda baş verən zəncirvarı qəzada piyada ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.
Şirvan şəhər polis şöbəsi Post Patrul Xidmətinin əməkdaşı olan polis nəfəri 1996-cı il təvəllüdlü Murad Şərifovun idarə etdiyi “Saipa” markalı avtomobil sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə o, yol kənarında avtomobilin yanında dayanan taksi sürücüsünü, dayanıqlı vəziyyətdə olan “VAZ-2106” və “VAZ-21011” markalı avtomobilləri vurub.
Hadisə zamanı avtomobillərdən birinin sürücüsü 1980-ci il təvəllüdlü Ələsgər Soltanov və piyada 1968-ci il təvəllüdlü Eldar Ələkbərov ağır xəsarətlərlə Hacıqabul rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Lakin Eldar Ələkbərovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.