Şirvanda qadının əl-ayağını bağlayaraq öldürən qardaşlar tutuldu
Şirvanda mənzilə basqını edərək qadını öldürən qardaşlar saxlanılıb.
Şirvan şəhər prokurorluğundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, bu ilin fevralın 5-də şəhərin Naxçıvan küçəsi, ev 157 ünvanında yaşayan 1969-cu il təvəllüdlü Durna Dadaşovanın əllərinin, ayaqlarının və ağız nahiyəsinin yapışqan lentlə bağlı vəziyyətdə meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertiza təyin edilib və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində ağır cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Əhədov və qardaşı Arif tutularaq istintaqa cəlb edilib.
Həmçinin aparılan istintaqla həmin cinayətin törədilməsinə hazırlıqda iştirak etməsinə və sonradan xüsusilə ağır cinayəti bilib bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməməsinə əsaslı şübhələr müəyyən edildiyindən Şirvan sakini, 1993-cü il təvəllüdlü Seyfullayev Surxay Elman oğlu da tutulub.
Elçin Əhədovun evinə baxış zamanı oradan yapışqanlı lent, Durna Dadaşovanın mənzilində olan muşahidə kamerasının yaddaş aparatı və digər əşyalar maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Əlibəy Zeynallı,
Elçin Həsənov.
APA TV