Şirvanda saxlanılan narkotacir külli miqdarda oğurluq edən şəxsləri ələ verdi

Şirvanda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunan Şirvan sakini, 1993-cü il təvəllüdlü Qafarlı Əlizadə saxlanılıb. Onun evinə baxış zamanı oradan satış məqsədi ilə saxlanılan heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Həmçinin axtarış zamanı mənzildən çoxlu sayda müxtəlif markalı mobil telefonlar və məişət əşyaları aşkar edilib. Ehtimal olunur ki, mənzildə aşkar olunan müxtəlif markalı mobil telefonlar və məişət əşyaları narkotik vasitələrin nağd pulla satışı ilə yanaşı, natura şəkilində həyata keçirilməsi müqabilində əldə edilib.

 

Həmin ünvanda aşkar olunan rəqəmsal televizorun isə oğurluq olduğu müəyyən olunub. Həmin televizoru ona narkotik vasitənin əvəzində Şirvanda silsilə oğurluqlar edən şəxslər verib.

 

Beləliklə istintaq zamanı oğurlanan televizorun izi ilə keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar edən Şirvan sakinləri, 1996-cı il təvəllüdlü  Fərhad Eyvazov və onun həmyaşıdı Qəribağa Xəlilov saxlanılıb. Saxlanılan şəxslərin 5 evdən ümumilikdə dəyəri 45 min manat dəyərində qızıl-zinət, nağd pul, elektron və digər məişət əşyaları oğurladıqları müəyyən edilib.

 

Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv