Şirvanda Vətən Müharibəsi qazisi coşqu ilə qarşılanıb

Şirvan sakinləri Vətən Müharibəsi qazisini coşqu ilə qarşılayıb.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Mirağa Ağamir oğlu Məmmədov 1990-cı ildə Şirvan şəhərində anadan olub.

 

Oktyabrın 30-da cəbhəyə yollanan Mirağa doğulub boya-başa çatdığı Şirvana qazi kimi qayıdıb. O, 44 günlük müharibədə artilleriya divizionunda topçu kimi döyüşüb. Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlıda döyüşlərdə iştirak edib. Döyüşlər bitdikdən sonra xidmətini Laçın dəhlizinin yaxınlığında davam etdirib. Dekabrın 1-də Laçının Güləbrid kəndindən Həkəri çayının yaxınlığında minaya düşən təcili yardım briqadası əməkdaşlarının nəşlərinin təxliyəsi zamanı mənfur düşmənin ambulans yaxınlığında quraşdırdığı minaya düşərək ağır yaralanıb. Sol ayağı amputasiya olunub, sağ ayağından da ağır xəsarət alıb.

 

28 gün Bakıda hospitalda müalicə olunduqdan sonra Şirvana qayıdan Mirağa Məmmədov ilk olaraq Şirvan Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra bir neçə il əvvəl Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayış zamanı həlak olmuş atasının məzarına baş çəkib. Qazinin anası ilə görüşü isə çox təsirli mənzərə olub. O, ayağının amputasiya olunmasına baxmayaraq, əyilərək anasının ayaqlarını qucaqlayıb.

 

Daha sonra qazimiz üçün qurban kəsilib.

 

Əlibəy Zeynallı

Elçin Həsənov

 

Müəllif | Apa.Tv
Apa.tv