Şirvanda yolu qazıb su çəkirlər, sonra da üstünü açıq qoyub gedirlər

Şirvanda çəkilən kanalizasiya və su xətləri sakinlər üçün problem yaradır. Uzun müddətdir ki, Şirvan şəhərinin mərkəzi və kənar ərazilərinə “Azərsu” ASC tərəfindən kanalizasiya və su xətləri çəkilir. Sakinlər deyir ki, işlər müasir dövrün tələblərinə cavab verməsə də pis-yaxşı infrastruktur layihələrin həyata keçirilməsi alqışlanandı. Amma yollar qazılır və uzun müddət təmir olunmur, yəni asfaltlanmır. Bu da ətrafda toz yaradır, avtomobillərin hərəkəti üçün maneələr törədir. Sakinlər deyir ki, tozun torpağın yaratdığı problemlər qısa müddətli olsa bir təhər buna dözmək olar. Amma çəkilən xətlərin asfaltlanması uzun müddət həyata keçirilmir. Ya da görülən işlər keyfiyyətsiz aparılır. Vətəndaşlar bildirir ki, şəhərin düz mərkəzindən keçən avtomobil yolunun üstündə aparılan kanalizasiya xətti həm avtomobillərin intensiv hərəkətinə çətinlik yaradır, həm də insanların həyatı üçün təhlükə yaradır. Əraziyə tökülən çınqıllar avtomobillərinin təkərinin altından çıxıb ya arxada gələn avtomobillərin ön şüşəsini sındırır, ya da kiməsə dəyir. Hətta başından yaralanan da olub. Eyni hal şəhərin bağ evləri massivində də yaşanır. Bu ərazidə çəkilən xətlərin üstü aylarla təmir olunmur. “Bir neçə ay bundan əvvəl oradan su xətti çəkildi, indi də kanalizasiya xətti çəkilir. Ola bilməzdi ki, eyni vaxtda çəkilərdi bu xətlər. Burada toz-torpaqdan tərpənmək olmur. Maşınlar dağılır. Yarımçıq qoyub gediblər. Şirvanın bütün küçələrində vəziyyət belədi. Qəmbər daşları tökürlər yola maşınların şüşələrini sindırır. Adamları yaralayır. O gün də təkərdən çıxan daş bir nəfərin başına dəyib yaraladı. 3 aydı burda vəziyyət belədi. Yolun sol tərəfindəki su xəttində də bir il işlədilər. Bir salamat asfalt bura idi onu bərbad vəziyyətə qoyub getdilər. Məsələ ilə əlaqədar “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya müraciət etdik. İndi sakinlər səbirsizliklə problemin həll olunacağı günü gözləyir. Əlibəy Zeynallı Elçin Həsənov

Müəllif | Apa.Tv
Apa.tv