Şirvandakı bir əsrlik körpünün son görüntüləri - APA TV-nin efirində

 

Şirvanda Kür çayı üzərində ən azı bir əsrə yaxın yaşı olan dəmir yolu körpüsü fəaliyyət göstərir. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, ötən əsrin 20-ci illərində hələ Şirvanın adı rus generalı Zubovun şərəfinə “Zubovka” adlandırılan vaxtda inşa edilən bu dəmir yolu körpüsü 95 ildir ki, istismar olunur. Uzunluğu 270 metr olan bu körpüdən hələ də Bakı-Lənkəran və Bakı-İmişli istiqamətində və əksinə yük və sərnişin qatarları hərəkət edir. Memarlıq baxımından gözəlliyi ilə adamı heyran edən körpüdə yüz minlərlə metal qaynaqdan istifadə olunmadan birləşdirilib. Fiziki ömrünü başa vuran bir əsrlik tarixi olan dəmir yolu körpüsünə paralel və yanaşı olan ölkəmizin paytaxtını Zəngəzur dəhlizinə birləşdirən Ələt-Horadiz-Ağbənd dəmir yolu xətti artıq hazırdır. Körpü mövcud dəmir yolu xəttinə qoşulduqdan sonra gördüyünüz bu əsrlik körpü söküləcək. Artıq körpünün sökülməsi işlərini yerinə yetirmək üçün çay üzərində müvəqqəti köməkçi körpünün quraşdırılması işlərinə başlanılıb. Tikintisinə 2011-ci ildə start verilən Hacıqabul-Horadiz yolunun Şirvan şəhərindən keçən hissəsində Kür çayı üzərində yerləşən bu körpü 2014-cü ilin avqust ayında istifadəyə verilib. Bu körpü 1962-ci ildə istifadəyə verilən və fiziki aşınmaya məruz qaldığından istismar müddəti 2014-cü ildə başa çatan dəmir konstruksiyalı körpünü əvəz edir. Yeni körpünün istifadəyə verilməsi paytaxt Bakıdan Horadiz qəsəbəsi istiqamətində və həm də Şirvan şəhəri və Sabirabad-Salyan rayonları istiqamətində nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin edir.

Müəllif | Apa.Tv
Apa.tv