Siyasi sarkazmlar hara qədər olmalıdır?

 

“Bu gün peşəkar media sosial şəbəkələri təlqin edir. Etik öhdəliyi olmayan adam, siyasi-ictimai, sosial gündəmdən danışarkən hər hansı bir təhqiramiz və yaxud tənqidi fikir səsləndirə bilər, amma istər yazılı, istərsə də elektron KİV buna diqqətlə yanaşmalıdır”.

 

Bu fikirləri APA TV-yə müsahibəsində əməkdar jurnalist Qulu Məhərrəmli deyib:  “Hazırda Ermənistanla dialoq müstəvisindəyik, biz bu mövzuya diqqət çəkərkən hansısa siyasi prosesi tənqid edə bilərik, amma siyasiləri təhqir etmək, ailəsi ilə bağlı təhdidi fikirlər səsləndirmək etik normalara uyğun deyil. Bunların yazıda, fikirdə qeyd olunub, önə çəkilməsi peşəkarlığın deyil, acizliyin ortaya çıxmasıdır. İstər Azərbaycan, istər İran, istər Rusiya və yaxud Ermənistan mediasının belə hallara yol verməsi düzgün deyil. Peşəkarlıq, yaxşı mütəxəssis, yaxşı televiziya işçisi tənqid edirsə, problemin mahiyyətindən doğan leksik vasitələrlə bunu etməlisən. Xüsusən saytlarda bu kimi yazılara yer vermək olmaz”.

 

Qulu Məhərrəmli hesab edir ki, dünyanın inkişaf etmiş ölkələrinin peşəkar media qurumlarında peşəkar prinsiplər əldə rəhbər tutulur: “BBC, CNN, Əlcəzirə kimi telekanalların da peşəkarlıq və yanaşma tərzi var. BBC-nin peşəkar yanaşma ilə bağlı bizim ensiklopediya qədər böyük həcmdə etik davranış qaydaları var. Jurnalist hansı şəraitdə necə davranmalıdır, yazıda, ifadələrdə yol verilməyən sözlərin ayrıca siyahısı da verilir. Yəni siz hətta xoş olmayan mitinqi işıqlandırırsınızsa, onun çıxışçılarından zəhləniz belə gedirsə, sizin heç bir halda ixtiyarınız yoxdur ki, o adamları təhqir edəsiniz. Peşəkar media nümunə olmalıdır. O, sosial media çıxışlarını təqlid edə bilməz. Biz insanlarımıza, auditoriyaya nəyi çatdırırıq? Hər hansı hadisənin mahiyyətini. Buna tənqidi münasibəti siyasi şərhçilər sərgiləyə bilər, amma təhqirlərə yol vermək qəbul olunmazdır”.

 

APA İnformasiya Agentliyinin baş redaktoru Nurşən Quliyev isə deyir ki, mediada yayımlanan materiallar ictimailəşmiş məlumat sayıldığında təhqiramiz ifadələr yol verilməzdir: “Siyasi müstəvidən söhbət gedirsə, siyasi proseslərdən, siyasətçilərdən danışırıqsa, ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri, ictimai xadimlər haqqında danışırıqsa, heç bir formada təhqirə yol vermək olmaz. Təhqir acizlik əlaməti kimi qəbul olunur. Əgər kimisə təhqir edirsənsə sən onun qarşısında arqumentsizsən. Siyasi mübarizənin təhqir müstəvisinə keçməsini acizlik hesab edirəm. Siyasi yazıda faktlara əsaslanmaq, siyasətçinin əsas keyfiyyətidir”.

 

Nurşən Quliyev bildirir ki, mediada məlumatların hazırlanmasında bu məsələyə xüsusi diqqət etmək lazımdır: “Məsələ burasındadır ki, düşmənlə düşmənçilik etməyin forması var. Düşmənin haqsız olduğunu göstərmək istəyirsinizsə faktlara söykənib qarşı tərəfin haqsız olduğunu sübut etməlisən. Onun ailəsi haqqında təhqiramiz sözlər işlətmək mən düşünürəm ki, yolverilməzdir. Düşməni həm siyasi, həm hərbi yolla məğlub etməyin də yolları var. Bunun hüquqi əsasları var”.

 

Nurşən Quliyevin sözlərinə görə, necə ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistanı həm siyasi, həm də hərbi yolla, heç bir təhqirə yol vermədən məğlub elədi və dünyaya göstərdi ki, təmkini qoruyub düşmənə layiqli cavabı vermək mümkündür.

 

 

Sevinc Vaqifqızı,

Faiq Həsənov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv