Siyavuş Novruzov: “Biz xalq artistiyik ki, “Instagram”da oturaq?”

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov həmkarı Fazil Mustafanı sərt tənqid edib.

 

APA TV-nin xəbərinə görə, S.Novruzov F.Mustafanın “islahat Milli Məclisdən başlamalıdır” fikrinə etiraz edib: “Hörmətli Fazil müəllim müsahibə verir, deyir ki, islahat Milli Məclisdən başlamalıdır. Bunu sosial şəbəkədəki fəaliyyətlə bağlı danışarkən bildirib. Hansı birinizin sosial şəbəkədə işləməyinizə bir söz deyilib? Hamının “Facebook”u, “Twitter”i var. Kimə maneçilik törədilib? Burada media nümayəndələri də iştirak edir. Mediaya kimsə rəhbərlikdən deyib ki, filankəsin yazısını verin, filankəsin verməyin?!”

 

S.Novruzov qeyd edib ki, xalı çatmayanlar Milli Məclisdən xal götürmək istəyir: “Biz xaricdə Azərbaycana qarşı qarayaxma aparan qüvvələrlə mübarizə aparaq, yoxsa içimizdə olanlarla? Biz xalq artistiyik ki, “Instagram”da oturaq? Milli Məclisin vəzifəsi özünün şəxsi maraqlarını təmin etmək deyil. Kimsə deyir ki, məsələnin ona aidiyyəti yoxdur, kiminsə səviyyəsinə düşmək istəmir. Hansı səviyyədəsənsə səviyyənə uyğun cavab ver. Hər bir fikri irəli sürəndə ölçülü-biçili sözlərlə onu ifadə etmək lazımdır. Kim hansı fəaliyyət göstərmək istəyirsə, o fəaliyyətini də göstərir. Azərbaycanda söz, mətbuat, internet azadlığı var”.

 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da məsələyə sərt münasibət bildirib: “Fazil Mustafa, siz burada “selfie”, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizdir. Bunu Milli Məclis rəhbərliyinin adına yıxmayın. Bura “selfie” çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır. O, sonra da deyir ki, iqtidar tənqidlərə dözümlü yanaşmalıdır. Razıyam, amma tənqidə... Böhtana, təhqirə, yalana, şərə deyil. Fazil Mustafa deyir ki, müxalifət iqtidarı lap ağır tənqid etsə də, buna dözümlü yanaşın. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur? Belə çıxır ki, müxalifət iqtidara şər-böhtan ata bilər, amma iqtidarın cavab vermək hüququ yoxdur. Bu, artıq qeyri-demokratik olur. Sən deyirsən, mən də cavabını verməliyəm. Fazil Mustafa televiziyalarda çıxışlar edir, sosial şəbəkələrdə yazılar yazır, onun fəaliyyətini kim məhdudlaşdırır ki?”

 

Birinci vitse-spiker deputatı oturduğu budağı laxlatmaqda ittiham edib: “Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar. Hörmətli deputatlar, plenar iclas zamanı bizi 8 kamera çəkir, danışıqlarınız bu kameralar tərəfindən fiksə olunur. İstənilən insan çıxışını alıb, paylaşa bilər. Buna heç bir məhdudiyyət yoxdur”.

 

Deputat Fazil Mustafa özünün “Facebook” səhifəsində Ziyafət Əsgərovun tənqidlərinə münasibət bildirib. O, parlamentin bugünkü iclasında iştirak etmədiyini diqqətə çatdırıb: “Hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda, belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclis sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq. Məni narahat edən, sadəcə, elmlər doktoru, Anayasa professorunun bizim çıxışlarımızı telefonla çəkərək, sosial şəbəkədə paylaşmamızı “selfie” kimi dəyərləndirməsidir. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur”.

Müəllif | Apa.Tv
Apa.tv