Siyavuş Novruzov: “Bu gün miqrant və insan alverinin başında Əli Kərimli dayanıb”
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, gündəliyə 19 məsələ daxil edilib.
İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılıb. İllik məlumatı Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib. O bildirib ki, həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 186 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər etmiş 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət cinayətkar qrup zərərsizləşdirilib: “İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanmış cinayət işlərindən 27-nin istintaqı yekunlaşıb, 27 təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib, 42 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb. Müəyyən edilən 91 insan alveri qurbanından 89 nəfəri Azərbaycan vətəndaşı, 2 nəfər isə əcnəbidir. Qurbanlardan 54 nəfəri istismar məqsədilə Türkiyə Respublikasına, 16 nəfəri Qətər dövlətinə, 8 nəfəri İran İslam Respublikasına, 5 nəfər Rusiya Federasiyasına, 5 nəfər Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 3 nəfər isə Azərbaycanda istismara məruz qalıb”.
Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Siyavuş Novruzov bildirib ki, bu gün miqrant və insan alverinin başında Əli Kərimli dayanıb: “Bu gün insan alveri ilə təkcə cinayətkar qruplar deyil, siyasi partiyalar da məşğuldur. İnsan alverinin başında duranlardan biri də Əli Kərimlidir. İnsan alveri təkcə hansısa təcavüz, cinsi istismar olunması deyil, həm də miqrant alveridir. Məsələn, Əli Kərimli saxta sənədlərlə Azərbaycan vətəndaşlarını Avropaya satır. Bunlar təkcə qadınları deyil, miqrant adı altında kişiləri də Avropaya satır. Siyasi partiyalarda olan bəzi ünsürlər günahı bir-birinin üzərinə atır. Milli Koordinatorun gələcək hesabatlarında bunlar da öz yerini almalıdır. Azərbaycan xalqı digər insan alverçiləri ilə yanaşı, miqrant alveri ilə məşğul olanları da tanımalıdır”.
Deputat Qənirə Paşayeva isə çıxışında bildirib ki, insan alveri ilə bağlı hazırlanan sosial çarxlarda baxış sayı çox aşağıdır: “DİN televiziyalarda bu çarxların yayımı üçün danışıqlar aparırmı? Çünki internetdə bu çarxlara baxış sayı 800-ü keçmir. Digər tərəfdən, axtarışda olan şəxslər niyə indiyə kimi saxlanılmayıb? Bu şəxslər Azərbaycan hüdudlarından kənara çıxırlarmı?”
Milli Məclis sədrinin müavini Adil Əliyev təəssüflə qeyd edib ki, bu gün yetkinlik yaşına çatmayanlar da insan alverinin qurbanına çevrilir: “Son günlər 4 yeniyetmə qızın digərini döyməsi ilə bağlı videolar sosial şəbəkələrdə yayılır. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin “qaynar xətti”nin ictimaiyyətə təqdim edilməsi üçün işlər görülməlidir. Çünki bu “qaynar xətt” əhali arasında kifayət qədər tanınmır. Aidiyyəti dövlət qurumları ilə razılaşdırmaqla insan alveri qurbanlarının işə cəlb edilməsi də zəruridir”.
Deputat Fazil Mustafa isə təklif edib ki, dilənçilər üçün sığınacaq yaradılsın və gündə 3 dəfə onlara dövlət hesabına yemək verilsin. Onun fikrincə, dilənçilikdən imtina edənləri bu sığınacaqdan buraxmaq lazımdır. Yalnız bu yolla onları küçədən yığışdırmaq və islah etmək mümkündür.
Deputat Qüdrət Həsənquliyev isə “Reklam haqqında” qanunun icra olunmamasından narazılığını bildirib: “Cinsi istismara məruz qalan qızların bu yola necə düşdüyünü araşdırsanız, məlum olacaq ki, onlar məktəb yaşlarında alkoqollu içkiyə meyl etmiş, siqaret çəkmiş yeniyetmələrdir. Məktəblərin yanında alkoqollu içkilərin və tütün məmulatlarının reklamı və satışı gedir. Bu məsələlərə nəzarət artırılmalıdır”.
Deputat Fəzail Ağamalı isə bildirib ki, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində minlərlə həmvətənimiz əsir götürülüb. Bu insanların insan alveri qurbanı kimi qeydiyyata düşməsi üçün kifayət qədər əsas var. Həmçinin Əfqanıstanda və Yaxın Şərqdə gedən müharibələrdə iştirak edən azərbaycanlı ailələr də insan alveri qurbanları kimi götürülməlidir.
Müzakirələrdən sonra Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov verilən suallara və irəli sürülən təkliflərə münasibət bildirib. O qeyd edib ki, bu gün təkcə Almaniyada qeyri-qanuni yaşayan 4000 nəfər azərbaycanlı miqrant var. Onlar ölkədən saxta sənədlərlə gediblər.