Siyavuş Novruzov: “İki uşaq atalarına hərbi xidmətdən möhlət hüququ verilsin”
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb.
APA TV-nin məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsində əksini tapıb.
Hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub. Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.
Layihənin müzakirəsi zamanı deputatlar hərbi xidmətlə bağlı bir sıra təkliflər irəli sürüblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, hazırkı vəziyyətdə hərbi xidmətə çağırışın ildə iki dəfə olması zəruridir: “Hərbi səfərbərlik və çağırış haqqında” qanunun təkmilləşdirilməsinə ehtiyac var. Dünyanın heç bir yerində 4 dəfə çağırış yoxdur. Dünyada iki dəfə çağırış olur: yaz və payız. Ümumilikdə götürəndə, biz “Hərbi səfərbərlik və çağırış haqqında” qanunu yenidən hazırlamalıyıq. Çünki bu virusun hələ nə zaman bitəcəyi proqnozlaşdırılmır”.
Eyni zamanda Siyavuş Novruzov iki uşaq atalarına da hərbi xidmətdən möhlət hüququ verilməsi barədə məsələyə yenidən baxılmasının vacibliyini bildirib: “Yəni möhlət verilir. Əvvəllər bu, iki uşaq idi, biz onu üçə qaldırdıq. Amma iki uşağı saxlamaq da qəhrəmanlıqdır. Çünki evdə iki uşaq qoyan şəxsin cəbhədə fikri ailəsində olacaq. Ona görə də iki övladı olanlar hərbi xidmətdən azad edilməlidir".
Siyavuş Novruzov “Alternativ hərbi xidmət haqqında” qanunun da müzakirəsi üzərində düşünməyin vacib olduğunu diqqətə çatdırıb.
İlahə Vəliyeva
Musa Qulammirzəyev
APA TV