Milli Məclisdə maska cərimələrinin azaldılması təklif olunub
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib.
APA TV-nin xəbərinə görə, növbədənkənar sessiya dövlət himninin oxunması ilə açıq elan edilib.
İclasın gündəliyində olan bir məsələ - Inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin ikinci oxunuşu müzakirəyə çıxarılıb.
Deputat Əli Məsimli təklif edib ki, qoruyucu maskalardan istifadə etməyənlərə qarşı cərimələr layihədə nəzərdə tutulandan ən azı 2 dəfə aşağı olmalıdır: “Burada aztəminatlı ailələr, pensiyaçılar var. İndiyə qədər on minlərlə insan cərimələnib, bundan sonra da cərimələnəcək. Yaxşı olardı ki, bu cərimələr koronavirusla mübarizə fonduna köçürülsün. Bu arada gəzən dedi-qodunu da aradan qaldırmış olacaq. Təkcə cərimələrin miqdarını artırmaqla problemi həll etmək mümkün deyil”.
“Tibbi maskadan istifadə etməyənlərə qarşı cərimələrin tətbiq edilməsində əsas məqsəd vətəndaşları cərimələmək deyil, onları qorumaqdır” - deyən I vitse-spiker Əli Hüseynli bildirib ki, burada sadəcə cərimələrin miqdarı müəyyən ediləcək: “Hazırda fərdi maskalardan istifadənin zəruri olduğu yerlərlə bağlı Nazirlər Kabinetinin qərarı qüvvədədir. Vətəndaşlar yaxşı olardı ki, Nazirlər Kabinetinin 2 gün əvvəl olan qərarına da diqqət yetirsinlər”.
Deputat Siyavuş Novruzov isə karantin qaydalarının pozulmasına görə təklif olunan cərimələrin məbləğinin azaldılmasına qarşı çıxıb: “Söhbət ondan gedir ki, maska taxmayan cərimələnəcək. İnsanlar qanuna tabe olmalı, ona riayət etməlidir. Filankəsin imkanı var, filankəsin imkanı yoxdur... Bu, gəlir vergisi, əmlak vergisi deyil ki, burada məbləğin çox, ya da az olmasını müzakirə edək. Kimsə əhalidən dəstək almaq istəyirsə, xalq qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir. Ancaq bu cür fikirlərlə əhalinin evini yıxırıq. Məsələ çox sadədir. Maska taxan heç kəs cərimə olunmayacaq. Yəni məsələnin həlli 2 vur 2-dir. Maska tax, cərimə olunma. Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq”.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə, fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Əməl təkrar törədilməsinə görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.
İlahə Vəliyeva,
Faiq Həsənov
APA TV