Siyavuş Novruzov: “Milli Şuranın irəli sürməyə namizədləri yoxdur”

"Yeni Azərbaycan Partiyası 126 nəfər səlahiyyətli nümayəndə, bir nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəni Mərkəzi Seçki Komissiyasına təqdim edib. MSK artıq bunu təsdiqləyib". 

 

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 

O bildirib ki, yalnız partiyanın namizədlərinin irəli sürülməsi prosesi qalıb: "Bununla bağlı işlər aparılır, proses gedir və bu işlər tamamlanandan sonra biz hər dairə üzrə namizədlərimizi irəli sürəcəyik. Siyahını Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Yeni Azərbaycan Partiyasının kifayət qədər potensialı və seçkilərdə təcrübəsi var. Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyənləşib. Yəni hər bir şey hazırdır. Sadəcə, namizədləri təqdim edəcəyik və ondan sonra digər proseslər başlayacaq”.

 

Siyavuş Novruzov əlavə olaraq Azərbaycanda 50-dən artıq siyasi partiyanın olduğunu və bu partiyalardan 40-dan çoxunun parlament seçkilərində iştirak edəcəyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var ki, onlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər: “Bir yanlış informasiyanı cəmiyyətə sırımaq istəyirlər ki, guya Milli Şura seçkidə iştirak etməsə, bu seçki qeyri-demokratik olacaq və s. Dünyanın heç bir yerində, heç bir beynəlxalq hüquq normasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Seçki Məcəlləsində elə bir müddəa yoxdur ki, hansı təşkilat iştirak etdi, hansı təşkilat iştirak etmədi. Söhbət alternativlikdən gedir. Yəni bir yerə iki namizəd varsa, artıq burada alternativlik təmin olunub və orada seçki keçirmək mümkündür. Ona görə də iştirak edib-etməmək hər kəsin öz hüququdur”.

 

YAP funksioneri qeyd edib ki, Milli Şuranın qaldırdığı məsələlərin hər biri Seçki Məcəlləsində var. Onun fikrincə, Milli Şuradakılar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub insanlara düzgün təqdim etmirlər, insanları aldatmağa çalışırlar və seçkilərin üzərinə kölgə salmaq istəyirlər:  “Bunların sosial bazası, elektoratı yoxdur, bilirlər ki, seçilməyəcəklər. Çünki xalq bunlara etimad göstərməyəcək və bunların irəli sürməyə namizədləri yoxdur. Bu baxımdan da seçki prosesinin üzərinə kölgə salmaq, özlərinin zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər”.

 

Siyavuş Novruzov parlament seçkilərinə xüsusən gənclərin, o cümlədən xaricdə təhsil alıb gəlmiş gənclərin böyük həvəs göstərdiyini diqqətə çatdırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv