Siyavuş Novruzov: “Neftin qiyməti düşübsə, niyə sevinirsiniz?”
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
APA TV-nin xəbərinə görə, ilk olaraq Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlara vəsiqələri təqdim edib.
Daha sonra iclasın gündəliyinə daxil olan 18 məsələyə baxılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında neftin qiymətinin 30-35 dollara enməsinə toxunaraq bildirib ki, bu büdcə gəlirlərini 270-340 milyon dollar azalda bilər: “Azərbaycan hökumətinin apardığı tədbirlər nəticəsində iqtisadiyyatın dayanıqlılığı artıb. İqtisadiyyatın xarici şoklardan qorunması üçün immunitet yaranıb. Neftin qiymətinin 30-35 dollar olması büdcə gəlirlərini 270-340 milyon dollar azalda bilər ki, bu da büdcənin gəlirlərində çox cüzi faizdir. Son iki ayda büdcəyə proqnozlaşdırılandan 250 milyon manat əlavə vəsait daxil olub. Bu da göstərir ki, neftin qiymətinin düşməsi büdcə gəlirlərinə elə ciddi təsir göstərməyəcək”.
Milli Məclisin deputatı Siyavuş Novruzov isə bildirib ki, dövlət neftin qiymətinin düşməsinin yaratdığı problemlərlə bağlı lazımi addımlar atır: “Osmanqızının verilişinə baxırdım. Az qalırdılar ki, neftin qiymətinin düşməsinə görə oynasınlar. Neftin qiyməti düşübsə, bizim hər bir vətəndaşımız əziyyət çəkir. Əgər sən vətəndaşı düşünürsənsə, niyə sevinirsən? Qurulan, yaradılan bütün məktəblər, bağçalar, məcburi köçkünlər üçün tikilən evlər xalq üçün edilir. Deməli, onlar vətəndaşların yaxşı yaşamasının əleyhinə olan adamlardır. Hansı problem olsa, dövlət, dövlət başçısı bunu həll edəcək. 5-3 adamın verdiyi şərhlərə insanlarımız uymasın. Dövlət və dövlət başçısı insanlarımızın problemlərini həll edəcək”.
Plenar iclasda "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay, yəni bu ilin dekabrın 4-dək uzadılması nəzərdə tutulur. Deputat Vahid Əhmədov bildirib ki, əmanətlərin tam sığortalanmasının 9 ay müddətinə uzadılması qısa bir müddətdir: “Hökumət ümumiyyətlə, əmanətləri orta müddətli dövr üçün tam sığortalamalıdır. Məsələn, 3 il müddətində. Neftin bazar qiymətinin düşməsi ilə bağlı bəzi söz-söhbətlər gəzir. Bankların qarşısında növbələr var. Əhali manatı dollara çevirmək üçün təşviş içərisindədir. Mərkəzi Bankın “B” planı olması ilə bağlı Elman Rüstəmov bəyanat verib. Təklif edirəm ki, Mərkəzi Bank əhaliyə daha geniş məlumat versin. Maliyyə Sabitliyi Şurası əhaliyə geniş məlumat verməlidir ki, yaxın müddətdə Azərbaycanda heç bir narahatlıq olmayacaq”.
Əmanətlərin tam sığortalanması müddətini 3 il uzatmağa ehtiyac olmadığını deyən deputat Musa Quliyev hesab edir ki, hazırda neftin qiymətinin düşməsi koronavirusla bağlıdır: “Büdcədə Dövlət Neft Fondundan transfert büdcə gəlirlərinin 15%-ni təşkil edir. Hətta bundan sonra 7 il də neftdən gəlirimiz olmasa, Dövlət Neft Fondunun ehtiyatları bu həcmdə vəsaiti transfert etməyə imkan verir. Xalqımız bilsin ki, hansısa narahatlığa ehtiyac yoxdur. Milli valyuta bizim müstəqilliyimizin göstəricisidir. Bu gün isə görürsünüz ki, yüzlərlə vətəndaş manatı dollara dəyişməklə bağlı növbələrə düzülür. Türkiyədə bir neçə il əvvəl lirənin məzənnəsinə təhlükə yaranarkən hətta 100 dolları olan pensiyaçı da onu aparıb lirəyə dəyişirdi”.
Sonda əmanətlərin tam sığortalanması müddətinin 9 ay uzadılması ilə bağlı qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb.
İlahə Vəliyeva
Əli Ələkbər
APA TV