Siyavuş Novruzov: “Ön cəbhədə olan hərbçi ilə Bakıda oturan hərbçi eyni maaşı ala bilməz”

Milli Məclisin 2021-ci il yaz sessiyasının ilk plenar iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, spiker Sahibə Qafarova iclası açıq elan edib və dövlət himni səsləndirilib.

 

Yaz sessiyasının ilk plenar iclasının gündəliyinə 19 məsələ daxil edilib.

 

Cari məsələlərin müzakirəsi zamanı deputat Əli Məsimli təklif edib ki, şəhidlərin oxuduğu məktəblərə onların adları verilsin: “Eyni zamanda, küçələrə də şəhidlərin adı verilsin və onların adı əbədiləşdirilsin. Dövlət səviyyəsində olan məsələləri dövlət həll edib. Qanunvericilikdə də şəhidlərin, şəhid ailələrinin xeyrinə dəyişiklik etməliyik. Əsasən də, çoxuşaqlı ailədən olan şəhid ailələrinin üzvlərinə müavinət verilməsi məsələsinə bu cür dəyişiklik edilməsinə ehtiyac var”.

 

Deputat Zahid Oruc isə hesab edir ki, düşmən üzərində qazandığımız qələbəmizi qorumalıyıq: “Şəhidlərlə, qazilərlə bağlı məsələlərin dərs kitablarına salınması üçün Prezidentin tapşırığını gözləməyə nə ehtiyac var? Bundan başqa, şəhidlərimizlə bağlı filmlər çəkilməli, kitablar yazılmalıdır. Bunun üçün də Prezidentin göstərişi lazımdır? Əgər elədirsə, bununla bağlı da komissiya yaradaq”.

 

Daha sonra çıxış edən bir sıra Elman Nəsirov isə əsgər və zabitlərin maaşları məsələsinə çox diqqətlə yanaşılmalı olduğunu bildiriblər: “Bu gün əsgər və zabitlərin maaşlarının azaldılması, yaxud qiymət artımı ilə bağlı xəbərlər tirajlanır. Bu xəbərlər ordumuzun böyük qələbəsi üzərinə kölgə salır. Yayılan xəbərlərlə bağlı hələ də əsaslı açıqlama verilməyib. Azərbaycan dövləti tarixdə heç vaxt bu qədər güclü olmayıb. Bu gün bizim əsgər və zabitlərimizin maaşlarının artırılmasına ehtiyac var. Buna bizim imkanlarımız da çatır. Nəzərə alaq ki, düşmən tərəfindən də bu tirajlanan xəbərlər izlənilir”.

 

Deputat Siyavuş Novruzov isə deyir ki, hərbçilərin maaşı yanvar ayına qədər kəsilə bilməzdi: “Yanvar ayına qədər hərbçilərin maaşı kəsilə bilməzdi. Burada problem yaranıb. Çünki bu məsələ müharibədən əvvəl öz həllini tapmış məsələdir. Yanvara qədər bu verildikdən sonra yeni dislokasiyaya ehtiyac yarana bilər. Ön cəbhədə olan hərbçi ilə Bakıda oturan hərbçi eyni maaşı ala bilməz. Bu, dünya təcrübəsində də belədir. Bizim qalib hərbçilərimiz təltif olunmalıdır. Verilən açıqlamada hansısa qanunun maddəsi ilə əlaqələndirməyə çalışdılar, bu, səhvdir. Bu, icra mexanizmidir”.

 

Ölkəmizdə olan xarici hərbçilərin statusunun müəyyənləşdirilməsinə ehtiyac olduğunu deyən deputat Qüdrət Həsənquliyev isə hesab edir ki, onların hüququ statusu ilə bağlı məsələ həllini tapmalıdır: “Məsələn, onların toxunulmazlıq hüququ varmı? Yaxud işğaldan azad edilmiş ərazilərdə olan sülhməramlılar, monitorinq mərkəzində olan hərbçilər var. Orada hər hansı cinayət törədilsə onların hansı hüquqları olacaq?! Ya yeni qanun qəbul edilməlidir, ya da Azərbaycan hökumətinin sülhməramlı kimi digər ölkələrdə iştirakı ilə bağlı qanuna yeni fəsil əlavə edilməlidir”.

 

Deputat Tahir Kərimli və bir sıra həmkarları isə çıxışlarında günün baş xəbərinə çevrilən Tarif Şurasının yeni qərarına etiraz səsləndirdilər: “Əvvəllər xalq aprel ayını gözləyirdi ki, ucuzlaşma olacaq, indi əksi baş verir. Bu qərarlar cənab Prezidentin bu cür qələbə addımlarını kölgə altına alır”.

 

Deputat Erkin Qədirli isə Tarif Şurasının qərarlarını büdcəyə müdaxilə kimi qiymətləndirib: “Tarif Şurasında nazir müavinləri iştirak edir. Tarif Şurasının ləğv edilməsini demirəm, amma bu məsələ həllini tapmalıdır. Eləcə də müəyyən cərimə yığan qurumlar cərimələrin bir hissəsini özündə saxlayır. Bu da büdcəyə müdaxilədir. Parlamentdən kənar büdcəyə müdaxilə olmamalıdır. Lazım gələrsə, bununla bağlı Prezidentə də müraciət edək”.

 

Sabir Rüstəmxanlı isə Tarif Şurasının üzvlərini yaz sessiyasında Milli Məclisə dəvət etməyi təklif edib: “Biz bu qələbə işinin sona qədər çatdırılmasına məsuliyyət daşıyırıq. Tarif Şurası benzinin qiymətini qaldırıb, dünən isə suyun qiyməti 2 dəfə artırılıb. Biz yaz sessiyasında Tarif Şurasını Milli Məclisə dəvət etməliyik. Hansı əsaslarla bu qərarların verildiyi bizə bildirilməlidir. Bununla bağlı dinləmələr keçirməliyik”.

 

Daha sonra Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.

 

Məsələ səsə qoyularaq qəbul edilib. Humay Əfəndiyeva daha sonra and içib.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV 

Müəllif | Apa.Tv
Apa.tv