Siyavuş Novruzov: “Parlament fəaliyyətini davam etdirəcək”

 

“Parlament fəaliyyətini davam etdirəcək. Azərbaycanda yeni parlamentin səlahiyyətləri qüvvəyə mindikdən sonra köhnə parlamentin səlahiyyətləri bitmiş hesab olunur”.

APA TV-nin məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Bildirib ki, növbəti parlament seçkilərinin vaxtını Prezident müəyyən edir: “Seçkilərə iki ay qalmış müddətdə qərar qəbul olunur və seçkilər çağırılır. Mərkəzi Seçki Komissiyası (MSK) da seçkiləri həyata keçirir”.

Partiya funksioneri əlavə edib ki, parlamentin buraxılması qərarı dünya təcrübəsinə əsaslanıb: “Dünyanın hər yerində bu təcrübə var. Türkiyədə və İspaniyada da, İsraildə də var və bu, Azərbaycanda ilk dəfədir”.

“Hazırkı parlament zamanla ayaqlaşmır” deyənlərə də Siyavuş Novruzovun cavabı var: “Bu, seçicinin verdiyi qiymətdir. Seçici kimi seçəcəyinə qiymət verəcək”.

Siyavuş Novruzov yenidən deputatlığa namizəd olacaqmı?

“Bunu indidən deyə bilmərəm. YAP hansı qərarı verəcəksə, mən də həmin qərara tabeyəm”.

Qeyd edək ki, bu gün YAP-çı deputatlar partiya Siyasi Şurasının tövsiyəsi ilə parlamentin buraxılması üçün Milli Məclisə müraciət ediblər.

Müəllif | Apa.Tv
Apa.tv