Siyavuş Novruzov: “Xalqın içinə çıxmağa üzü olmayan nazir gedib evində otursun”
“Hesabat ilinin iş planı ilə həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 10700,1 min manat dövlət vəsaitinin müvafiq qaydada bərpası, o cümlədən 9205,6 min manat (bundan əlavə 4,2 min ABŞ dolları) məbləğində vəsaitin dövlət büdcəsinin hesabına bərpası təmin edilib”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında Hesablama Palatasının illik hesabatını təqdim edən Palatanın sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, ümumilikdə dövlət büdcəsinə hesabat ilində bərpa edilmiş cəmi vəsaitin 43,0%-i tikinti ilə bağlı xərclərin icrası prosesində yol verilmiş nöqsanlar üzrə olub: “Bu istiqamətdə bərpa olunmuş cəmi vəsaitin 35,3%-i yerinə yetirilməyən işlərə görə, 20,5%-i iş həcminin artıq müəyyən edilməsi və 44,2%-i normativlərin düzgün tətbiq edilməməsi səbəbindən artıq ödənilmiş vəsaitləri əhatə edib”.
Müzakirələr zamanı deputat Fazil Mustafa Hesablama Palatasının hesabatında bəzi çatışmazlıqların olduğunu deyib. O bildirib ki, hesabat ilində sadəcə 5 auditin nəticəsi ilə bağlı Baş Prokurorluğa müraciət edilməsi kifayət qədər azdır: “Bu say çox olmalı idi. Ayrılan vəsaitin niyə səmərəli xərclənməməsi ilə bağlı qurumlar üzərində məsuliyyət artırılmalıdır”.
Bank rəhbərləri ilə Milli Məclisdə görüşlərin keçirməsinin vacibliyini vurğulayan deputat Vahid Əhmədov isə bildirib ki, bank sisteminin sağlamlaşdırılması istiqamətində atılan addımların əksi müşahidə edilib: “Sədrdən xahiş edirəm ki, bank rəhbərləri ilə Milli Məclisdə görüşlər təşkil olunsun. Bu, təkcə Mərkəzi Bankın rəhbəri ilə olmalı deyil. Bankların bağlanmasından daha çox onların sağlamlaşdırılması üzrə işlər həyata keçirilməlidir”.
“Xalqın içinə çıxmağa üzü olmayan nazir gedib evində otursun” deyən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bəzi nazirliklərin aparatlarında islahatların aparılmasının vacibliyini vurğulayıb: “Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir. Dövlət qurumlarında aparat rəhbərlərinin təyin olunması məsələsi də əhəmiyyətlidir. Mənzil istismar sahəsindən tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harada qalır? Bütün nazirliklərdə mətbuat xidmətləri təyin olunur. Mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır. Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, onun mətbuat xidməti xalqa “əlləzinə” oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.
Siyavuş Novruzov vurğulayıb ki, Hesablama Palatasının hesabatında çox düzgün olaraq kimisə məsuliyyətə cəlb etməkdən daha çox vəsaitlərin büdcəyə daxil olmasının təmin edilməli olduğu göstərilib.
Qeyd edək ki, hesabat müzakirələrdən sonra qəbul edilib.