Siyəzəndə narkotik satan keçmiş məhkumlar yaxalandı
Siyəzəndə narkotik satan üç rayon sakini saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş 40 yaşlı Namiq Məhərrəmov yaşadığı evin yaxınlığında saxlanılıb.
Onun evinə baxış zamanı satış üçün hazırlanmış beş bükümdə metamfetamin, bir bükümdə heroin, bir ədəd “Methodone-40” həbi və bir ədəd elektron tərəzi aşkar olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş daha iki rayon sakini, 54 yaşlı Famil Zahidov və 41 yaşlı Feyruz Zeynallı da saxlanılıb.
Onların üzərilərinə baxış zamanı hər iki şəxsdən heroin aşkarlanaraq götürülüb.
Famil Zahidov üzərində narkotik gəzdirdiyini etiraf edib: “Siyəzəndə gəzirdim, polis əməkdaşları məni saxladılar. Üstümdən kakos çıxdı, əvvəl də buna görə məhkumluq həyatı yaşamışam”.
Feyruz Zeynallı da istintaqa ifadəsində əməlini etiraf edib: “Polislər saxladı üstümdən narkotik vasitə çıxdı, öz istifadəm üçün almışdım. Əvvəllər məhkumluq həyatı yaşamışam 5 il. 12 il idi ki, dayanmışdım təzə-təzə başlamışam”.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.