Şöbə rəisi: “Badamdar sürüşmə ərazisində birinci mərhələ üzrə işlər başa çatdırılıb”
Səbail rayonunun Badamdar sürüşmə sahəsində bu günə olan son vəziyyət açıqlanıb.
APA TV-nin xəbərinə görə, aparılan işlər barədə məlumat verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin "Azərinşaat" layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib ki, ərazidə geniş tədqiqat və layihələndirmə işlərinə yapon mütəxəssisləri ilə birlikdə 2018-ci ildən başlanılıb.
Şöbə rəisinin sözlərinə görə, bu müddət ərzində sahədə sürüşmə bir neçə dəfə təkrar olduğundan layihədə daim müvafiq dəyişikliklər edilib. Layihədə yamacın dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə yamacın üst hissəsində 11 fərdi yaşayış evinin arxasında 3 ədəd, eni 3.5 metr, dərinliyi 30 metr olan drenaj quyularının qazılması nəzərdə tutulur.
Bundan əlavə, hər quyuda 21 ədəd olmaqla, diametri 40 mm, uzunluğu 50 metr olan yelpikvari 2 səviyyədə horizontal suqəbuledicilərin qurulması planlaşdırılır.
Layihədə ikinci mərhələdə evlərin qarşısında, həyətlərdən sonra yuxarı hissədən başlayaraq, yamacda dəmir-beton terrasların yaradılması gözlənilir.
Üçüncü mərhələdə isə Badamdar - 20-ci sahə avtomobil yolunun sağ tərəfində dəmir-beton svaylar üzrə monolit istinad divarının inşa ediləcək və yolun bərpası aparılacaq.
Badamdar sürüşmə ərazisində birinci mərhələ üzrə işlər keçən ilin oktyabr ayından başlayıb. Eni 3.5 metr, dərinliyi 30 metr olan 3 ədəd quyu tam qazılıb və başa çatdırılıb.
Samir Vəliyevin sözlərinə görə, quyuların bütün konstruksiya və avadanlıqları Yaponiyadan gətirilib. Bütün quyuların aşağı hissəsində 2 səviyyədən ibarət olmaqla uzunluğu 50 metr və diametri 40 mm olan ümumilikdə 63 ədəd üfüqi drenaj borusu quraşdırılmalıdır. Sonda bu quyular dib səviyyəsində bir-biri ilə birləşməli və yığılmış sular ən aşağı quyu olan 1-ci quyunun dib səviyyəsindən sahədən öz axımı ilə kənarlaşdırılmalıdır.
Hazırda 1-ci və 2-ci quyularda uzunluğu 50.0 metr olan drenaj boruları və yığılmış suyu sahədən kənarlaşdırmaq üçün diametri 100 mm olan 132 metr uzunluqda yeraltı boru inşa edilib.
Qeyd edək ki, ikinci mərhələ üzrə yamacın üst hissəsində birinci terras ankerlərlə birlikdə inşa edilərək başa çatdırılıb. Növbəti terraslarda drenaj quyularındakı işlər tam başa çatdırıldıqdan sonra proses davam etdiriləcək. Üçüncü mərhələdəki işlərə yalnız 1-ci və 2-ci mərhələdəki işlər qurtardıqdan sonra başlanılacaq.