Son bir həftədə içkidən 4 nəfər ölüb, 1 nəfər isə görmə qabiliyyətini itirib

“Təəssüflə qeyd edirəm ki, son zamanlar bəzi ictimai iaşə müəssisələrində spirtli içkilərdən zəhərlənmə faktı aşkarlanıb”.

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, son bir həftə ərzində içkidən zəhərlənmə ilə bağlı ümumilikdə 8 hadisə baş verib. Bu hadisələr nəticəsində 13 nəfər zərər çəkib, onlardan 4-ü ölüb, 1 nəfər isə görmə qabiliyyətini itirib: "Dekabrın 23-də ilk olaraq "Baku City"də içkidən zəhərlənmə ilə bağlı  məlumat daxil olub. Həmin andan etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ekspertləri ilə respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib".

Qoşqar Təhməzlinin sözlərinə görə, araşdırmalar nəticəsində ictimai iaşə obyektlərindən 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər laborator müayinələrə cəlb edilib: "2 saat ərzində hadisənin saxtalaşdırılmış halda, kustar üsulla hazırlanan "Chivas Regal 12" adlı içkidən olduğu müəyyən edilib. Bu içkinin tərkibində 76,6 faiz metil spirti aşkar edilib. Halbuki bu faiz maksimum 0,05 faiz olmalıdır. Bu da insan sağlamlığı üçün çox zərərlidir".

AQTA sədri bildirib ki, içkidən zəhərlənmə hadisələri "Baku City", "Everest", "Piano", "Madonna", "Hashtag" adlı restoran və kafelərdə, eyni zamanda Abşeron rayonundakı bir evdə aşkar edilib: "Hüquq-mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlərə başlayıblar, bununla bağlı birgə açıqlama da yayılıb. Artıq "Baku City" və "Everest"in fəaliyyəti məhdudlaşdırılıb, "Madonna" və "Piano"da isə araşdırmalar davam edir. "Hashtag" restoranında da bir fakt qeydə alınıb, bununla bağlı da araşdırma aparılır".

Qoşqar Təhməzli təəssüflə bildirib ki, ictimai iaşə obyektlərinin sahibləri hələ də kustar üsulla hazırlanan içkiləri ictimai və kütləvi qidalanmaya verirlər: "Bir daha Azərbaycanın bütün ictimai iaşə obyektlərinin, şadlıq evlərinin, gecə barlarının, restoran və kafelərin rəhbərlərinə müraciət edirəm ki, bu cinayət işidir".

Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri artıq bir neçə nəfərin cinayət məsuliyyətinə də cəlb edildiyini qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv