Son döyüşündə düşmən snayperinin gülləsinə tuş gələn qəhrəman əsgər
Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Elməddin Abdullayev düşmən üzərinə əks-hücum əməliyyatının başlamasını sevinclə qarşılayıb. 19 yaşlı Elməddin Talış kəndində şəhidlik zirvəsinə yüksəlib və ölümündən sonra 4 medalla təltif edilib.
Abdullayev Elməddin Telman oğlu 13 fevral 2001-ci ildə Quba rayonunun Qamqam kəndində dünyaya göz açıb. Şəhid Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbini bitirib. 2019-cu ilin aprel ayında hərbi xidmətə yollanıb.
Elməddin Abdullayev əsgərliyi başa vurandan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətini davam etdirmək qərarı vermişdi. Vətən müharibəsinin ilk günündən döyüşlərə atılan Elməddin sentyabrın 30-da Talış kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası Tahirə Abdullayeva oğlu ilə bağlı xatirələrini bizimlə bölüşür: “Bir ildir ki, gözüm yollardadır. Hər hərbi formada əsgərlər görəndə gözüm balamı axtarır. Elməddin mənim ilk övladım idi. Hərbidə işləmək istəyini dəfələrlə bildirmişdi. Əsgərliyi bitirdikdən sonra hərbidə qalıb işləmək istəyirdi. Xidmətinin son günləri idi. Evə gəlməyini gözləyirdik. Sentyabrın 26-da mənə zəng vurub halallıq istədi. Dedi ki, ana özündən muğayat ol mən gələ bilməyəcəm. Elə sonuncu zəngi oldu. Sentyabrın 30-da şəhid olması xəbərini aldıq”
Elməddin düşmənin xeyli sayda texnikasının və canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib. Suqovuşan, Ağdərə və Tərtər döyüşlərinin iştirakçısı olan qəhrəman əsgərin hərbi xidməti bitirməyinə bir neçə gün qalmışdı.
Yaxınları şəhidin şücaətli döyüş yolundan fəxrlə danışırlar:
- Elməddinin olduğu bölmə Suqovuşandan düşmən üzərinə yeriyib. Komandirlərinin dediyinə görə Füzuli istiqamətində də döyüşlərə qatılıblar. Son döyüşü isə Talış kəndi uğrunda olub. Elməddin qəhrəmanlıqla döyüşüb. Şücaət göstərib. Son döyüşündə düşmən snayperinin gülləsinə tuş gəlib. Oğlum torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Mən Elməddinlə fəxr edirəm”.
- Elməddin mənim ürəyimin bir parçasıdır. O, həm kənddə, həm də məktəbdə hörmət qazanan uşaq olub. O, məkətbi Qamqamda oxusa da imtahanı Qarabağda Verdi.
Elməddin Abdullayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Qamqam kəndi torpaqlarımızın müdafiəsi uğrunda 6 şəhid verib. Onlardan beş nəfəri Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.