Son günlərdə işıq pulu niyə çox gəlir? - ARAŞDIRMA

Son günlərdə sosial şəbəkələrdə elektrik enerjisi sərfiyyatına görə, borcun artıq gəlməsi ilə bağlı kütləvi şəkildə narazılıq doğuran paylaşımlar edilir.

 

APA TV-nin məlumatına görə, kimi istifadə etdiyi elektrik enerjisinə görə, məbləğin 2-3 dəfə artıq gəlməsindən, kimisi də elektrik enerjisindən ümumiyyətlə istifadə etmədiyi halda bunun üçün pul ödəməsindən gileylənir.

 

Hətta “Azərişıq” ASC-dən şikayət edənlərin sırasına bir sıra məşhurlar da qoşulub.

 

Müğənni Nura Suri: “Boyunlarına qoymaq olmur, adamın üzünə dururlar”.

 

Teleaparıcı Qərib Azər: “Daha kimə şişirdilmiş işıq pulu gəlib? Mənə üç qat artıq hesab gəlib bu ay”.

 

Son günlərdə sosial şəbəkələrin trendinə çevrilən işıq pulu məsələsində vətəndaşlar da istifadə etdikləri elektrik enerjisinə görə, daha çox pul ödədiklərini deyirlər.

 

Məsələni araşdırmaq üçün yollandıq “Azərişıq” ASC-yə. Qurumun Enerji Satışı Departamentinin I müavini Vüqar Nəbibəyli bildirdi ki, abonentlərin iddiaları əsassızdır və elektrik enerjisində sərfiyyatın müəyyən edilməsi elektrik avadanlıqlarının texniki parametrlərinə görə dəyişir: “İstifadə olunmuş elektrik enerjisindəki artım mənzillərdə quraşdırılmış elektrik avadanlıqlarının güc, keyfiyyət, işləmə mühiti və texniki parametrlərindən asılıdır. Bu cür şikayətlər daxil oldu və biz dünən və bu gün olmaqla təxminən 25-ə yaxın abonentin sayğacının araşdırmasını apardıq. Evlərə komissiya göndərdik. Bununla əlaqədar “Azərişıq” ACS-nin rəhbərliyi tərəfindən verilmiş göstərişə əsasən komissiya yaradıldı. Bu komissiya yerlərdə daxil olan şikayətlər üzrə araşdırmalar apardı. Araşdırmalar nəticəsində məlum oldu ki, yoxlanılan sayğacların hamısı texniki parametrlərə və standartlara cavab verir. Bəzi istehlakçılar tərəfindən qaldırılan bu tipli iddialar həqiqətən də həqiqəti əks etdirmir”.

 

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu isə bildirdi ki, komissiya sosial şəbəkələrdə bu tipli statuslar yazan şəxsləri aşkarlayır və onların probleminin tam olaraq nədən ibarət olduğunu araşdırır: “Biz “Azərişıq” ASC olaraq üzərimizə götürdüyümüz məsuliyyəti dərk edirik və elektrik enerjisinə sayğac daxil və sayğaca qədər cavabdehik. Sayğacdan o tərəfə, yəni vətəndaşın evinin içərisində nələr baş verirsə, ona biz cavabdeh deyilik. Bir daha abonentlərimizi məsuliyyətli olmağa çağırırıq. Vətəndaşların hər hansı bir narazılıqları və ya narahatlıqları varsa, 199 çağrı mərkəzinə müraciət etsinlər və əmin olsunlar ki, onların istənilən sorğusu ən şəffaf formada analiz olunacaq və yerindəcə qiymətləndiriləcək”.

 

Qeyd edək ki, Azərişıq ASC-nin araşdırma komissiyasının üzvləri paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində olub və sözügedən problemdən əziyyət çəkən şəxslərlə görüşüblər. Şikayətçi abonentlərin sayğacları araşdırılmaq üçün “Azərişıq” ASC-nin loboratoriyasına göndərilib.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv