"Son zəng"də yeniyetmələrə maşın verənləri bu cəzalar gözləyir
Hər il “Son zəng” ərəfəsində məktəblilərin törətdiyi avtomobil qəzaları ilə bağlı xəbərlərlə rastlaşırıq. Bu qədər faciəvi hadisələrin olmasına baxmayaraq, valideynlər “Son zəng” günü avtomobillərini övladlarına verməkdən çəkinmirlər. Sosioloq Elçin Bayramlı deyir ki, eyni motivli qəzaların təkrarlanmaması üçün məzunlar üzərində həm müəllimlərin, həm də valideynlərin nəzarəti vacibdir. Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli ilk növbədə valideynlərə xəbərdarlıq edib ki, sürücülük hüququ olmayan şəxslərə avtomobil verməsinlər. 13 may tarixindən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yollarda bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü deyən Toğrul Nəsirli onu da bildirib ki, şagirdlər tərəfindən hər hansısa yol-nəqliyyat hadisəsi baş verərsə, həmin nəqliyyat vasitəsini onlara verən şəxslər məsuliyyətə cəlb olunacaqlar. Baş inspektor son olaraq qeyd edib ki, sürücülük vəsiqəsi olmayan yeniyetməyə nəqliyyat vasitəsini verən valideynlərə “İnzibati Xətalar Məcəlləsi”nə görə 60, övlada isə 16 yaşı tamam olduğu təqdirdə 100 manat məbləğində cərimə nəzərdə tutulur. LƏMAN SALEHOVA XƏYAL İSKƏNDƏROV-