"Sona bülbüllər"in Qədrinə konsert həsr olundu - 85 İLLİK YUBİLEYİNƏ GÖRƏ

Ağdam Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun 85 illiyinə həsr olunmuş yubiley konserti keçirilib. APA TV-nin Qarabağ bürosundan verilən xəbərə görə, tanınmış muğam ustası Mənsum İbrahimovun təşəbbüsü və Ağdam rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə mərhumun ailə üzvləri, , sənət yoldaşları, xalq artistləri, millət vəkilləri iştirak edib. Konsertdə Qədir Rüstəmovun həyat və yaradıcılığından, onun Azərbaycanın ifaçılıq sənətinin inkişafına verdiyi töfhələrdən söz açılıb. Daha sonra proqram Əməkdar Artist Təyyar Bayramovun çıxışı ilə davam edib. 

Qeyd edək ki, Qədir Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub. Unudulmuş xalq mahnılarımızdan bir çoxu sənətkarın ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır. Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də Türkiyənin İstanbul şəhərində vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv