Sosial eksperiment adı ilə tərbiyəsizlik
Artıq bir müddətdir ki, sosial şəbəkələr üzərindən özlərini jurnalist və ya bloger kimi təqdim edən şəxslərin davranışları müzakirə mövzusudur. Belə ki, bu şəxslər sosial mediada eksperiment adı altında bütün yaş kateqoriyasından olan insanlarla mənasız sorğu və ya yersiz zarafat edirlər, yaranmış eybəcər mənzərənin isə videosunu bölüşüb reytinq yığırlar. Onların bu dırnaqarası məşhurluğu və necə gündəm olmaqları isə vətəndaşları narahat edir. Bu tip xoşagəlməz videoların çəkilməsini sosial zəkanın zəifliyi ilə əlaqələndirənlər də var. Yəni Avropa təcrübəsinin bayraq edilməsi də fakta əsaslanmayan bəhanədir. Onu da deyək ki, Azərbaycanda insan hüquqları və qanunun aliliyi hər zaman diqqət mərkəzində saxlanılır. Buna görə də, internet resuslarında insan ləyaqətinin alçaldılması cəzasız qalmaya bilər. Media haqqında qanunun “Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər” maddəsində qeyd olunduğu kimi, “şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir”. Şərəf və ləyaqətin alçaldılımasına görə, bütün vətəndaşlar məhkəməyə müraciət edə bilərlər və bunun sosial şəbəkə istisnası yoxdur.
Fidan Mirzəyeva
Arif Əliyev Apa Tv