Sovet Ordusunun Lənkəranda törətdiyi hadisələrdən 30 il ötür

Sovet ordusu 1990-cı ildə Bakıda törətdiyi qırğınları beş gün sonra Lənkəranda, Haftonu meşələrində təkrarladı.Dinc sakinlər qanına qəltan edildi.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə,Lənkəranın vətənpərvər oğulları 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində də əsl hünər nümunəsi göstərərək, Bakıya soxulmuş qırmızı imperiyanın qoşunu qarşısından qaçmayıb, sinələrini yurda sipər etdilər.

 

Lənkərana yeridilən rus hərbçiləri xalq hərəkatı nümayəndələrindən guya onlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər.

 

 Əslində imperiya qoşunlarının Lənkəranı hədəfə alması təsadüfi deyildi. 1990-cı il yanvarın 11-də Lənkəranda Qarabağı ermənilərdən qorumaq üçün müdafiə qərargahı yaradılmışdı. Bütün xalq ayağa qalxmışdı.

 

 Yanvarın 20-də Bakıda törədilən qanlı faciə vəziyyəti daha kəskin həddə çatdırdı. Milli Ordunun yaradılması istəyi ortaya çıxdı. Şəhərdə  kütləvi qırğının qarşısını almaq üçün onlarla vətənpərvər lənkəranlı sovet ordusunun diqqətini yayındırmaq məqsədilə Haftoni meşələrinə çəkilir. İmperiyanın qoşunları isə meşədə əliyalın sakinləri mühasirəyə alıb hücum edir:”Camaat bilmirdi axı nə baş verir. Başdan-ayağa silahlanmış əsgərlərin, tankların, BTR-lərin qəsəbəyə daxil olması camaatda vahimə yaratdı. Onlar baxmırdılar qadındır, ya kişidir.Tankla, BTR ilə hara gəldi girirdilər…... Haradasa saat yarım, 2 saata qədər döyüş getdi. Vertolyotlarda göydən nəzarət edirdi. 
 

Sovet qoşununun özbaşınalıqlarına qarşı çıxan könüllülər adi ov silahları ilə də olsa, onlara müqavimət göstərməyə çalışırdı. Nəticədə Haftoni meşələrinə çəkilən Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlov şəhid olur. Mühasirəyə düşən və  sağ ələ keçirilənləri isə vəhşicəsinə döyə-döyə vertolyotla aparırlar:”Əllərimizi kapron iplərlə bağlamışdılar, indiyə qədər onun əziyyətini çəkirik, yerləri qalıb… Mənim sinif yoldaşım, həm qonşum və dostum Tariyel Abdullayev vertolyotda rəhmətə getdi, onu iplə boğmuşdular... 1 ay saxladıqdan sonra buraxdılar. Gedəndə deyirdilər ki, sizi Maqadana sürgün edəcəyik…. Bakıda bütün Azərbaycan camaatı ayağa qalxdı, məcbur olub bizi buraxdılar.


 

Bu qanlı hadisələrdə şəhidlik zirvəsinə ucalanlarla yanaşı, cəsarət və qəhrəmanlıq nümayiş etdirənlərdə olub.Belə cəsur insanlardan biri də Vaqif Ağayevdir.O,ölümün  gözünə dik baxaraq, fədakarcasına  baş verənləri kamerasının yaddaşına köçürüb:”Hamısını kasetlərə vurmuşam bunları, diri vaxtlarını da çəkmişəm, vuruşmadan sonra meşədə onları necə güllələyiblər, ölü vaxtlarını da çəkmişəm…. Lənkəranda yerləşən DTK-nin rəisi mənə demişdi ki, “axırıncı gülləni sənin başına vuracam, çəkmə belə şeyləri”… Haftoni meşəsini çəkmək istəyəndə orada BTR-i üstümə fırlatdılar ki, “çəksən səni güllələyəcəyik”


 

Vaqif Ağayev hədə-qorxulara və ölüm təhlükəsinə baxmayaraq, tarixi kadrları çəkməyə nail  olur. O,  axtarışa verilsə də,meşədə qeyri-bərabər atışmada ölənləri və yaralananları lentə almaq üçün məscid və xəstəxanalara yollanır:”Axtarmalarına baxmayaraq, mən çəkirdim. Yaralıları da, ölənləri də çəkdim və ailə qarışıq qaçdıq buradan. Çəkəndən, kasetləri doldurandan sonra qaçdıq…. Bakıda 40 gün qaldım, gələndən sonra yenə məni tutdular. Moskvada müstəntiq istədi ki, bu kasetləri əlimdən alsın, baxsın kimlər iştirak edib, rus dövlətini kim devirib, o adamları tutsunlar. Mən boynuma almadım. Dedim ki, “mən çəkmişəm camaata vermişəm, orada o qədər adam var idi, bilmirəm kimdədir”. Nə isə 1 gün məni incitdilər, amma tuta bilmədilər. Kasetləri qoruyub saxladım. 


 

 Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanlardan 11-i lənkəranlı idi. Onlardan 5-i, Telman Bağırov, Mircamal Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində şəhid olur. Azadlıq hərəkatının 46 üzvü isə Rusiya həbsxanasına göndərilir. Bu gün həmin hadisələr 11 şəhidin şəhadət günü, milli azadlıq hərəkatının hünər salnaməsi kimi xatırlanır. O günlərin hadisələri hər birimizin yaddaşında kədərli notlar kimi bu gün də səslənir və heç vaxt unudulmayacaq. 30 ildir ki, yerli sakinlər Lənkərandakı Şəhidlər Xiyabanını ziyarət etməklə, Vətən uğrunda şəhid olan həmyerlilərinin xatirəsini əziz tuturlar.


 

 

Müəllif | Apa.Tv
Apa.tv