Soydaşlarımız həbs olunur, sürgünə göndərilir, şallaqlanırlar
Xatırlayırsınızsa, Vətən müharibəsi ərəfəsində Ermənistana və Qarabağa daşınan silahlara görə İrandakı soydaşlarımız aksiya keçirmişdilər. Tehran daşımaları inkar etsə də, sosial şəbəkələrdə paylaşılan videogürüntülər İranın Ermənistana və Qarabağdakı hərbi birləşmələrə yardımını bir daha aşkara çıxmışdı. Bununla bağlı İrandakı soydaşlarımız Vətən müharibəsində Qarabağdakı haqq davamızı dəstəkləmək və Tehranın düşmənə yardımlarına qarşı çıxmaq üçün aksiyalar keçirməyə başladılar. Lakin İran İslam Respubliklası keçirilən aksiyanı asayişin pozulması kimi qiymətləndirdi və soydaşlarımızın bir neçəsinə 14 ay 32 gün həbs, 74 şallaq cəzası verərək işgəncələrə məruz qoydu. Həmin soydaşlarımızdan biri də 76 yaşlı Pərviz Siyabidir. Sosial şəbəkələrdə paylaşılan görüntülərdən məlum olur ki, həbsxanada ona qarşı fiziki zorakılıq göstərilir. Siyasi fəalların verdikləri məlumata görə, 2020-ci ildə Pərviz Siyabi azadlığa çıxdıqdan bir müddət sonra ayətullah hökuməti müxtəlif bəhanələrlə yenidən ona 7 il həbs cəzası kəsib. Yaxınları bildiriblər ki, Pərviz Siyabinin sağlamlığında yaranan problemlərə görə həyati təhlükəsi yaranıb. Həbsi ləğv edilməsə, zindanda ölə bilər.
Daha bir siyasi fəal Abbas Lisaninin də həyatının təhlükədə olduğu barədə məlumatlar paylaşılır. Belə ki, Azərbaycan tükcəsində təhsil tələb edən soydaşımız ümumilikdə molla rejimi tərəfindən 12 il həbsdə qalıb, eləcə də müxtəlif illərdə, müxtəlif şəhərlərdə sürgün həyatı yaşayıb. Qeyd edək ki, 2019-ci ilin yanvar ayında siyasi fəaliyyətinə görə yenidən həbs edilən Abbas Lisaniyə məhkəmə bu dəfə 15 il həbs və 2 il sürgün qərarı verib. İrandakı siyasi fəalların sözlərinə görə o, məhkum edilmişlər içərisində yeganə fəaldır ki, məhkəmə zalında öz ana dilində hüquqlarının müdafiə edib. Bildirilir ki, onurğa sümüklərində yaranan ağrılardan əziyyə çəkən Lisani həkim nəzarətindən uzaq qalıb və onun iflic olma təhlükəsi var.
Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Abbas Lisaninin oğlu Əli Lisani bildirdiyinə Ərdəbil Tibb Ekspertiza İdarəsinin rəyinə əsasən 2020-ci ilin avqustunda əməliyyat ediləndən sonra o, xüsusi həkim nəzarətində olmalıdır. Lakin rejim onu əməliyyatdan dərhal sonra həbsxanaya göndərib.
Sosial şəbəkələrdə yayılan ən son məlumatlara görə, fevralın 21-də həbsdən azad edilən Abbas Lisani polis nəzarətində Yəzd şəhərinə sürgünə göndərilib. Ona ailəsi ilə görüşməyə belə icazə verilməyib.