Spiker: "Azərbaycan tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"
“Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirir".
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə danışarkən bildirib.
Spiker həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiyanın beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcəyinə və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcəyinə ümid etdiyini vurğulayıb.
Sahibə Qafarova çıxışı zamanı Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz Dağlıq Qarabağ ərazisində məskunlaşdırılmasının xüsusi narahatlıq doğurduğunu da diqqətə çatdırıb.
Milli Məclisin sədri Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki qeyri-konstruktiv mövqeyi və Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribat barədə danışarkən bildirib ki, BMT Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur: “Ermənistanın son təxribatı isə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.
Milli Məclisin sədri çıxışı zamanı Yerevanın mərkəzində Hitlerin tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə heykəl qoyulması məsələsinə də toxunaraq Ermənistanın Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermədiyini vurğulayıb.