SSRİ-nin sonuncu marşalı Dmitri Yazov vəfat edib

Ötən ay 30 oldu. 30 ilin 30 yerdən cismimizi, ruhumuzu qanatdığı 20 Yanvar faciəsini nəzərdə tuturuq. O faciə ki, Azərbaycan tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi yazıldı.

 

Hər kəsə məlumdur ki, 20 Yanvar qırğınlarının başında SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov dayanırdı. SSRİ-nin müdafiə naziri, marşal Dmitri Yazov isə Bakıya yeridilən qoşunun törətdiyi qırğınların, vəhşiliklərin birbaşa icraçısı idi.

 

Dmitri Yazov. Bu ad hər zaman Qanlı Yanvar tarixi ilə birgə çəkilir. Ömrünün 30 ilini şəhid qanlarına bulaşmış vəziyyətdə yaşayan həmin şəxs bu gün vəfat etdi. Ruhu göylərə yüksəldimi? Bu haqda nəsə deyə bilmərik.

 

Xatırlatma üçün Sovetlər İttifaqının sonuncu marşalının 5 il öncə xəstə olduğu dönəmdə Moskvada generalların hospitalında Azərbaycan mətbuatına verdiyi müsahibədən kiçik bir hissəni təqdim edirik.

 

- Siz özünüzü 20 Yanvar hadisələrində günahkar hesab edirsinizmi, yoxsa sadəcə, əmri yerinə yetirdiyinizi düşünürsünüz?

 

- Günahkar hesab edirəmmi? Mən başqasının əmrini yerinə yetirirdim, indi həmin əmrləri verən insan hər şeyi inkar edir. Mən o dövrdən bəri ölkədən çıxa bilmirəm. Hara gedə bilərəm? Məni həbs edə bilərlər, çünki qoşunu mən yeritmişəm, fövqəladə vəziyyəti mən elan etmişəm, insanların güllələnməsində də məni günahkar hesab edirlər. Kimi ittiham edirlər? Məni, Yazovu! Mən insanlara atəş açmağı əmr etməmişdim. Bakıda olduğu kimi, elə Vilnüsdə də. Mən gəlmişdim, çünki göndərmişdilər. Yalnız məni deyil, daxili işlər nazirini, dövlət təhlükəsizliyi katibini də göndərmişdilər. Məgər ölkədə daxili vəziyyət üçün yalnız mən cavab verməliyəm?

 

O zaman Yazovun 90 yaşı var idi. Ölümün astanasında olsa da, həqiqəti söyləməkdən imtina edirdi. Lakin həqiqət heç bir zaman sönmür, əksinə, ona yalan bulaşdırdıqca, daha da parlayır.

 

Yazovun Azərbaycana qarşı etdikləri haqqında çox şey demək olardı, lakin buna ehtiyac görmürük. Əli Kərim demişkən,

 

Daha heç nə demirəm,

Nöqtə, nöqtə və nöqtə...

 

 

Elvin Paşazadə,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv