Bakıda su kollektorunda qəza baş verdi – YOL ÇÖKDÜ

Ötən gündən başlayaraq, Bakıya yağan güclü leysan fəsadlarla yadda qalıb.

 

APA TV xəbər verir ki, Paytaxtın Xətai rayonu, Şahin Səmədov küçəsi, maşın bazarı kimi tanınan ərazidə yağış kollektorunda baş verən qəza yolun asfalt örtüyünün çökməsinə səbəb olub. Hadisə gecə saatlarında baş verdiyindən məhəllə arası yolda hərəkət olmayıb:

 

Asfaltın çökməsi nəticəsində olduqca dərin bir yarğan əmələ gəlib. Lakin ətrafdakı evlərə və ictimai obyektlərə hər hansı zərər dəyməyib.

 

İlkin məlumata görə, hadisəyə Xətai və Nizami rayonları ərazisində yığılan yağış sularını özündə cəmləşdirən kollektorun istismar müddətinin bitməsi səbəb olub.  Bakı Sukanal İdarəsinin şöbə rəisi Fərid Heydərov deyir ki, intensiv yağan yağış da qəzanı qaçılmaz edib: “Məlumat daxil olan kimi, tez bir zamanda qəza yerinə işçi qrupu göndərdik. Araşdırmadan sonra məlum oldu ki, 8-ci km yağış kollektorunda ölçüləri 2 metrin, 1 metrə olan  qəza baş vermişdir. Qəza baş verən əraziyə maşın mexanizm, işçi qrupu cəlb olunub”.

 

Hazırda qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

Fərid Heydərovun sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən yaxın zamanlarda paytaxt ərazisində istismar müddəti başa çatan yağış kollektorlarının yeniləri ilə  əvəzlənməsi nəzərdə tutulur.

 

Xələf Xələfov,

Faiq Həsənov,

APA TV

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv