“Sülh müqaviləsi Azərbaycanın təkliflərinə əsaslanır” - LAVROV NƏYƏ ÇALIŞIR?

“Sülh müqaviləsi Azərbaycanın təkliflərinə əsaslanır” - LAVROV NƏYƏ ÇALIŞIR? Prosesin inkişafı üçün ümumi razılıqlar var. Bunu İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, əhəmiyyətli nəticələrdə əldə olunur və istərdik ki, proses daha da sürətli getsin. Sitat: “Yekun razılaşmaların olacağına şübhə yoxdur. Təbii ki, qarşıdakı mərhələdə necə işləmək barədə tərəflərin öz spesifik baxışı var. Bununla belə, tərəfdaşlarımızla belə başa düşürük ki, hər üç bəyanat bir yol xəritəsidir. Bunu hamımız rəhbər tutmalıyıq”. Lavrov regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair fikirlərini də bölüşüb. “Dəmir yolu marşrutu razılaşdırılıb. Hazırda avtomobil marşrutunun və qurulacaq rejimin koordinasiyaları tamamlanır. Burada mütləq Ermənistan ərazilərinin suverenliyinin tanınmasına əsaslanacaq və heç bir anlaşılmazlıq ola bilməz”. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyi barədə də mövqe bildirən Lavrov qeyd edib ki, münasibətlərin normallaşdırılması üçün başqa yol yoxdur və sülh müqaviləsi Azərbaycanın təqdim etdiyi təkliflərə əsaslanır. Görüşdə erməni jurnalist iddia edib ki, Azərbaycan Fərrux kəndini ələ keçirib və buna görə 400 nəfərdən çox öz ərazilərində yaşaya bilmir. “Bununla bağlı sülhməramlılar hansı tədbirləri görəcək” sualına Rusiyanın XİN rəhbəri cavab verib ki, sülhməramlılar “vəziyyəti öz prioritetlərindən biri kimi saxlayırlar”. “Bu vəziyyətin deeskalasiyası baxımından yerlərdə müəyyən nəticələr var. Biz başa düşürük ki, delimitasiya üzrə davam edən əsaslı işlərin bir hissəsi kimi bu məsələlərə mütləq ba¬xılacaq və həll olunacaq”. Burada Rusiya xarici işlər nazirinə xatırlatmaq yerinə düşər ki, adıçəkilən ərazi hansısa ölkə ilə sərhəddə yerləşmir. Yəni ki, delimitasiya iki qonşu ölkənin sərhədlərinin müəyyənləşdirməsi deməkdir. Hansı ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik, habelə Rusiya tərəfindən qəbul olunub. Nazirin bu mövqeyi isə mövcud həssas məqamda vəziyyəti daha da gərginləşdirməyə hesablanması şübhəsi yaradır. Cənab Lavrova Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə Qarabağın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxışlarını, üstəlik, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Kremldə imzalanan 43 maddəlik müttəfiqlik bəyannaməsini də xatırlatmaq yerinə düşər. Lavrovun delimitasiya anlayışının Xocalının Fərrux kəndindən keçməsi ilə bağlı düşüncəsi, inanırıq ki, Rusiyanın Ukrayna ilə apardığı 3 aylıq müharibənin yorğuluğundan qaynaqlanır.

Müəllif | Apa.Tv
Apa.tv