Sumqayıt məzunu respublika birincisi oldu – ƏN YÜKSƏK BALI TOPLADI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 13-14 avqust 2020-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

 

APA TV-nin məlumatına görə, imtahanda II ixtisas qrupu üzrə ən yüksək yəni 394.3 balı Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Murad Mustafazadə toplayıb.

 

O, hər iki mərhələnin cəminə görə 688.4 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

 

Orta təhsilini fərqlənmə ilə başa vuran Murad Mustafazadə deyir ki, pandemiya vəziyyətinin olmasına baxmayaraq, öz üzərində maksimum çalışıb və bu nəticəni əldə edib: “Artıq ilk öncə buraxılış nəticəmi görəndə, 294 bal görəndə artıq anladım ki, 700 bal əldə edə bilmərəm. Ona görə özümə yeni bir məqsəd qoydum ki, blok imtahanında əlimdən gələni edib, deməli respublika birincisi olacam və buna da nail oldum”.

 

Murad deyir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyət ixtisası üzrə təhsil almağı düşünür: “İxtisas seçmək haqda hələ ki, müəyyən planlarım var. Hələ ki, fikirləşirəm. Ailəmin və digər müəllimlərimin də tövsiyələrini dəyərləndirəcəm. Amma İqtisad Universiteti, maliyyə üzrə təhsil almağı planlaşdırıram”.

 

Qeyd edək ki, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyadan bu il 59 nəfər məzun olub. Onlardan 11 nəfəri orta təhsilini fərqlənmə ilə bitirib, 2 nəfəri isə beynəlxalq olimpiadaların qalibi olub. Məzunlardan 9 nəfəri isə qızıl medala namizəddir.

 

Ramil Zeynallı

Əli Əliyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv