Sumqayıt polisi koronavirusla bağlı reyd keçirib
Sumqayıt şəhərində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, reydlər zamanı şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib.
Mağazalara maskasız daxil olan alıcılar və həmin obyektlərin əməkdaşları polislər tərəfindən müəyyən edilərək cərimələniblər.
Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər barədə də cərimələr tətbiq edilib.
Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə profilaktik söhbətlər aparılaraq, onlara pandemiya ilə mübarizənin vacibliyi izah edilib. Bir daha vətəndaşlarımızdan xahiş və tələb olunur ki, koronovirusla mübarizədə tətbiq edilən qaydalara əməl etsinlər.