Sumqayıtda 10 gündə 3 marketdən oğurluq edildi
Sumqayıtda marketdən oğurluq edilib.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində, Mehdi Hüseynzadə küçəsində yerləşən marketdə qeydə alınıb. Naməlum şəxs və ya şəxslər gecə saatlarında marketin qapısını dəmir linglə açaraq içəridən siqaret, spirtli və şirin içkilər, eləcə də ərzaq məhsullarını aparıblar: “Haradasa saat 9 radələrində biz bura gəlmişik. Atam yolda idi, bizə zəng gəldi ki, qapı açıqdır siz yoxsunuz. Burda maşın yoxdur. Həmişə maşınla görürlər ki, mağazaya gəlirik. Dedik necə ola bilər. Gəldik gördük ki, qapını lomla əyiblər. Vurub açarı açıblar”.
İcarədara ümumilikdə 516 manat ziyan dəyib. Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu son on gündə Corat qəsəbəsində oğurluq hadisəsinin baş verdiyi 3-cü marketdir.
RAMİL ZEYNALLI,
ƏLİ ƏLİYEV,
APA TV