Sumqayıtda 13 bağ evindən oğurluq edən dəstə zərərsizləşdirildi
Sumqayıtda bağ evlərindən silsilə oğurluq edənlər tutulub.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Vasif Əzimov, Mehman Mahmudi, Ağdam rayon sakini Şükran Xələfov və Xızı rayon sakini Rza Nəcəfov saxlanılıb.
Araşdırma zamanı dəstə üzvlərinin Sumqayıt şəhərində 13 bağ evindən əsasən televizor, su qızdırıcı, samovar, generator, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurladıqları məlum olub.
İstintaq zamanı dəstə üzvlərinin Şükran Xələfovun təklifi əsasında oğurluq etdikləri məlum olub.
Saxlanılan şəxslər oğurladıqları əşyaları Mehman Mahmudinin avtomobili ilə hadisə yerindən aparıblar.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.