Sumqayıtda baş verən dəhşətli qəzanın TƏFƏRRÜATLARI

Baş Dövlət Yol Polisi İdarəsi dünən Sumqayıt şəhəri ərazisində 3 nəfərin ölümü ilə nəticənən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

 

İdarədən APA TV-yə verilən xəbərə görə, ötən gün təxminən saat 17:17 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də Bakı şəhər sakini 37 yaşlı Seymur Əliyev “Mercedes-Benz E320” markalı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb.

 

Qəza nəticəsində sürücü Seymur Əhmədov və sərnişinləri – həyat yoldaşı 23 yaşlı Fidan Ələkbərova və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə ölüblər.

 

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslər həmin gün Qusar rayonunda dəm qazından zəhərlənərək ölən 5 nəfərdən ibarət ailənin yaxın qohumlarıdır və məlum səbəbə görə, rayon istiqamətində tələsik yola düşüblər.

 

İlkin ehtimala görə, avtomobil yolda müəyyən olunmuş sürət həddindən yüksək sürətlə idarə edilib, eyni zamanda, yol örtüyünün həmin hissəsi nahamar (dalğavari) olduğundan sürücü idarəetməni itirib və qəzanın qarşısını almaq mümkün olmayıb. Onlar heç biri təhlükəsizlik kəmərini bağlamayıb və hadisə nəticəsində avtomobildən kənara atılıblar ki, bu da həyatlarına son qoyub.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv